Medianın İnkişafı Agentliyinin layihəsi: Uşaq və gənclərin fiziki və mənəvi inkişafı
Cari mövsüm 12 komandanın iştirakı ilə baş tutan 3 dövrəli Misli Premyer Liqasının yetərincə gərgin və rəqabətli alındığı faktdır. Geridə qalan 9 turdan sonra turnir cədvəlinə baxsaq, mövcud reallıqla tanış olarıq. 10 xalla 9-cu pillədə mövqe tutan "Şamaxı"nın 18 xalla zirvədə qərarlaşmış "Turan Tovuz"dan cəmi 8 xal geri qalması qızğın mübarizəyə əyani sübutdur. Təbii, indiki durumda hansı komandaların avrokuboklara vəsiqə qazanacağını dəqiqləşdirməyə çalışmaq daha çox münəccimlik cəhdinə və ya samanlıqda iynə axtarmağa bənzəyər. Amma bəzi iştirakçıların performansını və perpektivini dəyərləndirmək də olduqca önəmli məsələdir. Belələrindən biri də "Neftçi"dir.
Ötən mövsümün əvvəli - Qorxulu yuxu
2024-cü ilin yayında "Neftçi"nin "sükanı arxası"na gətirilən Roman Qriqorçukla əməkdaşlığın bu dərəcədə bərbad alınacağına yəqin ki, "ağ-qaralar"ın ən bədbin tərəfdarlarından başqa heç kim inanmazdı. Qriqorçukun zəif məşqçi olduğunu iddia etmək absurddur. Ukraynalı çalışdırıcı daha öncə ölkəmizdə "Qəbələ"nin də baş məşqçisi olmuş (2015-2018) və sözün əsl mənasında, adından söz etdirməyi bacarmışdı. Lakin futbolda bəzən hər şey gözlənilənlərin tam əksi yaşanır. Qriqorçukun ilk 9 turda qələbəyə həsrət qalması, Tovuzda "Kəpəz"dən 3:4 hesablı yenilgidən sonra istefaya göndərilməsi yaxın keçmişin acı xatirəsidir. Əlbəttə, bərbad başlanğıc fonunda qeydə alınan nəticələr öz yerində, ukraynalının dönəmində sözügedən komanda oyun planında xoş gələcək vəd etmirdi. Hələ Qriqorçukun yerini kimin tutacağı bilinmədiyi zaman kəsiyində də yeni gələcək baş məşqçinin özünün qurmadığı heyətlə "ağ-qaralar"ı hədəflərinə çatdırmaq ehtimalı yüksək dəyərləndirilmirdi. Daha sonra flaqman futbol ictimaiyyətinin əksər nümayəndələrinin ən uyğun namizəd hesab etdiyi Samir Abasova tapşırıldı. Lakin Bakı təmsilçisinin fanatları üçün qorxulu yuxu sayılan məlum start geridə qalan "futbol ili"nin uğurlu alınmasına imkan vermədi. "Neftçi" 2024/2025 mövsümünü 43 xalla 6-cı yerdə başa vurdu.

Bu komandanı Abasov qurubsa...
Bu yay Samir bəyin istədiyi bütün transferləri reallaşdıran, baş məşqçinin işinə müdaxilə etməyən rəhbərlik heyətin yenilənməsi yönündə şübhəsiz, ciddi addımlar atıb. Yerli mütəxəssisin oyun fəlsəfəsi ilə uzlaşmayan futbolçularla yollar ayrılıb, əvəzində yeniləri transfer olunub. Qısası, komandanı Abasovun özü qurub və "xalq komandası"na 2021-ci ildə son çempionluğu qazandıran çalışdırıcının bu kollektivlə nəticə verəcəyi yetərincə inandırıcıdır. Məlum məsələdir ki, Azərbaycan millisinin sabiq dayaq yarımmüdafiəçisi üzərinə düşən məsuliyyət yükünün ağırlığını anlayır və yaradılan maksimum şərait fonunda nə etməli olduğunu bilir.
Cəmi 6 xallıq fərq
Yazının girişində qeyd etdiyimiz kimi, avrokuboklar uğrunda mübarizə aparan komandalar bir-birindən aralana bilməyiblər. Hazırda 12 xalla 8-ci yerdən boy göstərən paytaxt komandası lider "Turan Tovuz"dan 6 xal geri qalır. Reallıq budur ki, yaxın 5 turda potensialı ilə hədəfi uyğun gələn istənilən kollektivi, o cümlədən "Neftçi"ni də zirvədə görməyimiz mümkündür. Yəni bu xal fərqini "əritmək" tam real bir hədəfdir.
Dünya ulduzunun gəlişi ümidləri artırıb
İndiki "Neftçi" heyətinə görə ölkənin ən yaxşılarındandır. İstər sıralarındakı legionerlərin səviyyəsi, istər oyunçu sayı, istərsə də komandadkı ab-hava "Neftçi" adına yalnız xoş xəyallar qurmağa vadar edir. Dünya ulduzu Vensan Abubakarın heyətə qatılması isə qarşıya qoyulan hədəf uğrunda atılmış çox sabballı addımdır. Kamerun millisinin uzun müddət klubsuz qalan kapitanı hələ ideal formasından uzaq olduğu halda, səviyyəsini ortaya qoymağı bacarıb. Öncəki turda "Qəbələ" ilə səfər matçında (2:0) sonradan meydana çıxaraq qısa zaman kəsiyində 1 qol və 1 məhsuldar ötürmə ilə diqqət mərkəzinə düşən legioner, Azərbaycan Kubokunda MOİK-i darmadağın etdikləri (6:2) görüşdə də dublla yadda qalıb. Getdikcə formaya düşəcəyi təqdirdə, bu futbolçunun "Neftçi"nin bütün rəqiblərinə ciddi problemlər yaradacağını proqnozlaşdırmaq çox da çətin deyil.

Qarşıda isə "Kəpəz"lə ev oyunu var. Sabah "Palms Sports Arena"da baş tutacaq qarşılaşmadan Abasovun komandasının 3 xalla ayrılmaq və 11-ci turda "Qarabağ"la matça yüksək əhval-ruhiyyə ilə hazırlaşmaq ehtimalı yüksəkdir. Razılaşaq ki, bu gün hamımızı bir sual düşündürür: Görəsən, Abubakar "Qarabağ"la oyunda necə təsir bağışlayacaq?
Sabiq baş məşqçisisi inanır
"Neftçi"nin indiki durumu və vəd etdiyi performans barədə mütəxəssis fikrinə də ehtiyac duyduq. "Ağ-qaralar"ın sabiq baş məşqçisi Füzuli Məmmədovla əlaqə saxlayıb komandadan və məhz Abubakardan nə gözlədiyini soruşduq. Məmmədovun söylədikləri belə oldu:
"Vensan Abubakar həqiqətən əla transferdir. Onun gəlişindən sonra "Neftçi"nin çox təhlükəli komandaya çevrildiyi dəqiqdir. Abubakar Azərbaycana gəlib-getmiş ən yaxşı hücumçulardan biri, bəlkə də birincisidir. Əlbəttə, hazırda ən yaxşı formasından uzaqdır. Amma ustalıq səviyyəsi göz önündədir. "Qəbələ" ilə səfər matçında hesab 0:0 olarkən sonrada meydana çıxıb oyunun taleyini həll etdi. Təxminən 10 dəqiqə ərzində həm qol ötürməsi verdi, həm də özü rəqib qapısına yol tapdı. Vensan 1-ci Liqa komandası MOİK-i Azərbaycan Kubokunun 2-ci təsnifat mərhələsində 6:2 hesabı ilə üstələdikləri son matçda da dublla yadda qaldı. Hiss olunur ki, uzun müddət futbolsuz qalıb və müəyyən qədər artıq çəkisi var, ancaq bildiyimə görə, məşqlərdə səylə çalışır. Gələn il keçiriləcək dünya çempionatında Kamerun millisinə kömək etmək üçün yaxşı forma yığmalı olduğunu özü də anlayır. Abubakar gələnə qədər "Neftçi" məhz qol vurmaq baxımından problem yaşayırdısa, artıq bu məsələ həllini tapıb. Abubakarlı "Neftçi"nin xal hesabını artırması və yekunda avrokuboklara yollanması mənim üçün sürpriz olmayacaq. Komandanın yaxşı heyəti, yerli baş məşqçisi və yaxşı şəraiti var. Üstəlik, liderlə xal fərqi də azdır".

Yalnız komanda ilə iş bitmir
Bəlli məsələdir ki, komanda ilə klub bir qədər fərqli anlayışlardır. Eyni zamanda komanda klubun güzgüsüdür. Başqa sözlə, bu gün marketinq işlərini yüksək səviyyədə təşkil edilməsi, uğurlu tərəfdaşlıq müqavilələri, kreativ təqdimatlar, effektli klub televiziyası da Bakı klubunun inkişaf və peşəkarlıq yönündə gördüyü işlərin nəticəsidir. Komandadakı islahatlarla yanaşı, klubda da müxtəlif postlarda kadr dəyişiklikləri olub, belə desək, bu camiə yeni dönəmə qədəm qoyub. Gerisini zaman göstərəcək...
Nihat Ağasoy
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub.

 
