Bakı Təşəbbüs Qrupu son bir ildə fəaliyyət istiqamətlərini genişləndirib.
APA xəbər verir ki, bunu Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov Bakıda keçirilən “Belçika Müstəmləkəçiliyi: Tanınma və Məsuliyyət” adlı beynəlxalq konfrans çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
“Belə ki, dekolonizasiya prosesinin mühüm hissəsi olan reparasiya mövzuları çərçivəsində biz artıq beynəlxalq layihələr həyata keçirməyə başlamışıq və beynəlxalq konferanslar təşkil edirik.
Belçika müsləmləkətçiliyinə gəldikdə isə vurğulamaq istərdim ki, Belçikanın 18-19-cu, 20-ci əsrlərdə törətdiyi kolonial siyasəti tətbiq edən zaman insanlığa qarşı törətdiyi qəddar cinayətlərlə bağlı dünya ictimaiyyəti kifayət qədər məlumatlıdır.
Lakin beynəlxalq ictimaiyyət, aidiyyəti beynəlxalq təşkilatlar zəruri reaksiyanı göstərmirlər. Reparasiya və kompensasiya məsələlərilə bağlı hər hansı bir diqqətəlayiq mövzunu müzakirə etmirlər.
 Biz beynəlxalq qeyri-hökumət təşkilatı olaraq bu mövzunu da beynəlxalq təşkilatların gündəliyinə daşımağa çalışırıq və əminəm ki, bir neçə ildən sonra reparasiya və kompensansiyalar istiqamətində aidiyyəti beynəlxalq təşkilatların da reaksiyalar artacaqdır. Dünya ictimaiyyəti ədalətli mövqe sərgiləyərək sözü gedən ölkələrə- Kongo Demokratik Respublikası, Burundi və Ruanda ilə bağlı ədalətli mövqe nümayiş etdirəcək və bu istiqamətdə müsbət nəticələr əldə ediləcək. Biz təbii olaraq, Ruanda və Konqo Demokratik Respublikasının nümayəndələri, həmçinin orada qeyri-hökumət təşkilatının nümayəndələri ilə sıx əməkdaşlıq qurmuşuq. Bakı Təşəbbüs Qrupu olaraq biz onlara reparasiya və kompensasiya məsələlərində beynəlxalq hüquq çərçivəsində dəstək göstərməyə çalışacağıq”- Abbas Abbasov qeyd edib.
O əlavə edib ki, BTQ gələcəkdə də müstəmləkə olmuş ölkələrin təşkilata müraciətləri olacağı təqdirdə, araşdırmalara başlayacaq və bu ölkələrə kömək göstərməyə çalışacaqlar.
 
                        