AZ

Abbas Abbasov: Müstəmləkə xalqlarının səsini beynəlxalq arenaya çıxarırıq

BAKI, 31 oktyabr. TELEQRAF

"Bakı Təşəbbüs Qrupu (BTQ) son iki ildə fəaliyyətə başlayıb və son bir ildə təşkilatın fəaliyyət istiqamətləri əhəmiyyətli şəkildə genişləndirilib".

Teleqraf xəbər verir ki, bu barədə Bakı Təşəbbüs Qrupunun (BTQ) icraçı direktoru Abbas Abbasov oktyabrın 31-də Bakıda keçirilən “Belçika Müstəmləkəçiliyi: Tanınma və Məsuliyyət” adlı beynəlxalq konfrans çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.

A.Abbasov vurğulayıb ki, BTQ artıq dekolonizasiya prosesinin mühüm tərkib hissəsi olan reparasiyalar və kompensasiyalar mövzusu ilə bağlı beynəlxalq layihələr həyata keçirməyə və beynəlxalq konfranslar təşkil etməyə başlayıb.

İcraçı direktor Belçikanın 18–20-ci əsrlərdə həyata keçirdiyi müstəmləkəçilik siyasətinə toxunaraq qeyd edib ki, həmin dövrdə törədilmiş ağır cinayətlər və insanlıq əleyhinə əməllər barədə dünya ictimaiyyəti kifayət qədər məlumatlı olsa da, beynəlxalq təşkilatlar bu məsələlərə lazımi reaksiyanı göstərmir:

“Reparasiya və kompensasiya məsələləri beynəlxalq müzakirələrdə kifayət qədər yer almır. Biz qeyri-hökumət təşkilatı olaraq, dekolonizasiya prosesinə töhfə verən bir qurum kimi bu mövzunu beynəlxalq gündəliyə çıxarmağa çalışırıq. Əminəm ki, yaxın illərdə müvafiq beynəlxalq qurumların bu mövzuya diqqəti daha da artacaq”.

A.Abbasov həmçinin qeyd edib ki, BTQ ilk olaraq Fransanın dənizaşırı əraziləri ilə əməkdaşlığa başlayıb, daha sonra isə Niderlandın kolonial asılılıqda saxladığı regionlarla bağlı fəaliyyət genişləndirilib.

“Hazırda Belçikanın müstəmləkəçilik tarixinin nəticələri ilə bağlı tərəfdaşlarla işləyirik. Biz hər hansı ölkəyə qarşı fəaliyyət göstərmirik. Müraciətlərə əsasən, müstəmləkə asılılığı altında olan xalqların səsini beynəlxalq arenaya çıxarmağa çalışırıq. Gələcəkdə də bu istiqamətdə daxil olan müraciətlər araşdırılacaq və müvafiq əməkdaşlıqlar qurulacaq”.

Seçilən
16
teleqraf.com

1Mənbələr