
Venesuela prezidenti Nikolas Maduro bəyan edib ki, xarici orduların sıralarına qoşulan və Bolivar Respublikasına qarşı xarici müdaxiləni dəstəkləyən venesuelalılar ölkə vətəndaşlığından məhrum edilməlidirlər.
Reyting.az xəbər verir ki, N. Maduro bunu “Telesur” telekanalının efirində deyib.
“Bolivar Respublikasının Konstitusiyasının 130-cu maddəsinə əsaslanaraq Ali Məhkəməyə müraciət etmişəm ki, hər hansı bir xəyanətkar - yəni xarici orduya qoşulan və Venesuelaya hücum etməyə cəhd göstərən şəxs - vətəndaşlıqdan məhrum edilsin və konstitusiyaya uyğun olaraq digər zəruri cəzaları alsın”,- deyə N. Maduro əlavə edib.
Qeyd edək ki, Venesuela hökuməti 26 oktyabrda Trinidad və Tobaqo tərəfindən ABŞ Silahlı Qüvvələrinin Cənub Komandanlığının koordinasiyası, maliyyələşdirməsi və nəzarəti altında keçirilən hərbi təlimləri pisləyib. Karib hövzəsində bu təlimlər “düşməncəsinə təxribat və sülhə ciddi təhdid” kimi qiymətləndirilib.
Xatırladaq ki, Vaşinqton Venesuela hakimiyyətini narkotik qaçaqmalçılığına qarşı kifayət qədər fəal mübarizə aparmamaqda ittiham edir. ABŞ Hərbi Dəniz Qüvvələri Karib dənizində 8 gəmi, 1 atom sualtı qayığı və 10 min hərbçi yerləşdirib, həmçinin beynəlxalq sularda narkotik qaçaqmalçılığında ittiham edilən insanlarla dolu qayıqları məhv edir.
ELÇİN
 
                        