AZ

Lüks avtomobillərdə gəzən “inqilabçılar”

Avqustun 30-da İdlibdə Suriyanın yeni lider Əhməd əl-Şəranın keçmiş qərargahında gizli toplantı keçirilib. Toplantıda 100-dən çox vəzifəli şəxs və biznesmen iştirak edib.

Həmin vaxt müharibə illərinin məşhur komandirinin qərargahının önündə dəyəri yüz minlərlə, milyonlarla ölçülən "Cadillac Escalade", "Range Rover", "Chevrolet Tahoe" kimi lüks avtomobillərin dayanması müzakirələrə səbəb olmuşdu.

Cəmi 10 aydır hakimiyyətdə olan Suriyanın yeni lideri toplantıya zarafat, bir o qədərdə istehsal dolu sözlərlə başlayır: “Hökumətin maaşları bu qədər yüksək imiş? Siz inqilabın oğulları deyildinizmi? Nə tez aldandınız?”.

Şəra həmin görüşdə məmurlara açıq şəkildə “ya lüks avtomobillərinizin açarlarını verin, ya da gəlir mənbəyinizi izah edin” deyib. İclasın sonunda bir neçə nəfərin doğrudan da avtomobil açarlarını təhvil verdiyi bildirilir. Modern.az-ın məlumatına görə, bu barədə "Reuters" yazıb.

Şəranın qarşısında duran əsas çağırış silahlı qruplaşmaların mübarizəsini dövlət idarəçiliyinə çevirmək, bunu isə Əsədin illərlə qurduğu korrupsiya sistemi təkrarlanmadan etməkdir. “O, dövlət məktəbinin yetirməsi deyil, milis strukturlarında yetişib. Onun üçün hakimiyyət həmişə ittifaqlara, imtiyazlara və monopoliyaya əsaslanıb”, - Suriya tədqiqatçısı Hüssam Cəzməti deyir.

Analitiklərin fikrincə, Şəra indi şəxsi maraq üçün deyil, hakimiyyəti saxlamaq üçün maliyyə resurslarına ehtiyac duyur.

Yeni prezidentin korrupsiyaya qarşı mübarizəsi ailə üzvlərinə də çatıb.

Məlumata görə, Şəra avqustda qardaşı Camal əl-Şəranın Dəməşqdəki ofisini möhürlətdirib və bütün dövlət qurumlarına onunla işləməyi qadağan edib.

Camal lüks “Mercedes S-Class” avtomobili ilə gəzdiyi, özünü “prezidentin nümayəndəsi” kimi təqdim edib investisiya və turizm biznesləri qururdu. İndi həmin ofisin qapısında qırmızı mumla vurulmuş möhür var. Bu işarə Suriyada korrupsiya araşdırması aparılan obyektlər üçün tipik simvoldur.

Dövlət İnformasiya Nazirliyi ofisin bağlandığını təsdiqləyib, lakin Camala qarşı rəsmi ittiham irəli sürülmədiyini açıqlayıb.

Şəra daha sonra ailə üzvləri, o cümlədən 79 yaşlı atasını bir araya gətirərək onları da xəbərdar edib: “Ailə adından öz maraqlarınız üçün istifadə etməyə cəhd göstərməyin!”

Şəranın avqustda keçirdiyi və sərt sözlərlə çıxış etdiyi toplantıdan sonra dövlət müəssisələrində rüşvət şikayətləri artmağa başlayıb.

Yerli sahibkarlardan biri agentliyə deyib ki, həbs edilmiş işçisini azad etdirmək üçün 100 min dollar ödəyib, ancaq işçinin yenidən işə qayıtması üçün ondan daha 100 min dollar istənilib. Başqa biri isə eyni iş üçüm 25 min dollar verdiyini bildirib.

Dövlət isə sözügedən iddiaların nadir hallarda müşahidə edildiyini qeyd edib və bəzi şəxslərin artıq istintaqa cəlb olunduğunu açıqlayıb.

Əsəd rejiminin dağılmasından sonra hökumət keçmiş rejimlə əlaqədə ittiham olunan biznesmenlərin əmlaklarını müsadirə edərək “qanunsuz qazanc” komitəsi yaradıb və mülkləri yeni suveren sərvət fondu vasitəsilə idarə etməyə başlayıb.

Bu fondun tərkibinə yüzlərlə şirkət, ofis, zavod və daşınmaz əmlak daxildir. Lakin, ironik olaraq artıq fondun iki hüquqşünası və bir neçə komitə üzvü də korrupsiya şübhəsi ilə saxlanılıb.

43 yaşlı Əhməd əl-Şəra üçün indi əsas məsələ yalnız ölkəni idarə etmək deyil, həm də inqilabçıdan dövlət adamına çevrilməkdir. Onun üçün “qənimət dövrü” bitib, amma sistemin köklü vərdişləri hələ bitməyib.
Suriya ictimaiyyəti isə bir suala cavab axtarır: yeni inqilab köhnələri təkrarlayacaqmı…

1474219

Elnur Əmirov

Seçilən
6
2
modern.az

3Mənbələr