AZ

Mədəniyyət pulla alınmır ki... Qədim Ramanı qalasının divarlarını yazıb cızan insanlara nə deməli?! Video

ain.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.

İnsan mədəniyyətli və ya əxlaqlı şəkildə dünyaya gəlmir. Onun əxlaqlı və mədəniyyətli olmasında doğulduğu ailənin, valideynlərinin, birbaşa anasının, düşdüyü mühitin böyük təsiri olur. Bu səbəbdən də, cəmiyyətimizdə insanların anormal davranışlarının və mədəniyyətsizliyinin səbəbini təkcə onlarda axtarmamalıyıq. Burada əsas səbəb elə ailədir.

Bu günlərdə yolum Ramanı qalasına düşmüşdü. Düşünürdüm ki, qaladan reportaj hazırlayaram. Qalanın qapıları bağlı olduğu üçün ətrafında gəzinməli oldum. Yenə də diqqətimi mədəniyyətdən xəbərsiz olan mədəniyətsizlərin “yaradıclıq” işləri çəkdi. Qalanın divarına ürək işarəsi niyə çəkilməlidir ki? Və yaxud qala divarına sevgi sözləri, adlar, müxtəlif işarələr niyə cızılmalıdır ki?

Əgər özünüzü tarixə yazmaq istəyirsinizsə, yol bu deyil, çalışmalısınız, müəyyən nailiyyətlər əldə etməlisiniz. Sevginizin əbədi olmasını istəyirsinizsə, qala divarına cızılmış ürək işarəsinin içində adların yazılması sizin sevginizi uzunömürlü etməyəcək.

Bəzən bu yazılara baxanda düşünürəm ki, görəsən, bu insanların məqsədi nədir? İstədikləri nədir, əldə etdikləri nədir? Düzü, cavab tapa bilmirəm.

Xatırlayırsınızsa, Mərdəkan qalasında da eyni vəziyyətlə qarşılaşmışdıq. İnsanlar adlarını qala divarlarına yazmaqla əbədi yaşayacaqlarını düşünürlər, yəqi. Daha fikirləşmirlər ki, bunu əcənəbilər görür, yaxşı düşüncə yaranmaya bilər. Daha düşünmürlər ki, mənim kimi azərbaycanlılar da bu yazılara baxa bilər, təəssüf hissi keçirə bilər, hətta bu yazıları yazanların ruh halına acıya bilər...

Mədəniyyət pulla satılmır ki, alasan və kiməsə hədiyyə edəsən...

İradə Cəlil, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
32
bizimyol.info

1Mənbələr