AZ

Azərbaycanlı mafiya lideri Moskvada SAXLANILDI

Tanınmış türkiyəli vəkil Sərdar Oktemin qətlini təşkil etməkdə ittiham olunan Azərbaycanın vətəndaşı Əli Gülmalızadə oktyabrın 23-də Moskvada saxlanılıb.

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Mənbələrin bildirdiyinə görə, Gülmalızadə bir qrup şəxslə birlikdə restoranda nahar edərkən Rusiya polisi tərəfindən tutulub. Axtarış zamanı onun üzərində silah aşkar edilib.

Qeyd edək ki, Əli Gülmalızadə kriminal aləmdə “Daltonlar” adlı qrupun üzvü kimi “Əlican Çakır” ləqəbi ilə tanınır. O, MHP (Milliyyətçi Hərəkat Partiyası) üzvü, vəkil və keçmiş “Ülkü Ocakları” gənclər təşkilatının lideri Sinan Ateşin qətlinə dair işlə bağlı istintaqa cəlb edilmiş Sərdar Oktemin öldürülməsini planlaşdırmaqda şübhəli bilinir.
 

Xatırladaq ki, Oktem 6 oktyabrda İstanbulun Şişli rayonunda, Zincirlikuyu qəbiristanlığının yaxınlığında odlu silahdan açılan atəş nəticəsində öldürülüb. O, daha əvvəl Sinan Ateş işi üzrə təxminən iki il həbsdə saxlanılıb, lakin sonradan azadlığa buraxılmışdı.


Hadisə ilə bağlı doqquz nəfər, o cümlədən iki yeniyetmə saxlanılıb, dörd nəfər barəsində isə məhkəmə nəzarəti tədbiri seçilib.

İstintaq materiallarına görə, hadisəni Gülmalızadə planlaşdırıb. Saxlanılanlardan biri — 23 yaşlı S.O. — ifadəsində bildirib ki, o, “Daltonlar”ın üzvüdür və Gülmalızadə ilə FaceTime vasitəsilə əlaqə saxlayıb:

“O, ailəmi öldürməklə hədələdi, buna görə təklifi qəbul etməyə məcbur oldum. Əlican Çakır (Əli Gülmalızadə) bizə ünvan və hədəf şəxsin fotosunu göndərdi. Sərdar Oktemin avtomobili yaxınlaşanda atəş açdıq”.

S.O.-nun sözlərinə görə, hadisədən sonra onlar Arnavutköy rayonuna qaçıblar və Gülmalızadə videobağlantı zamanı “Cannerin intiqamı alındı, ədalət yerini tapdı” deyə qışqırıb.

Digər şübhəlilər də təsdiqləyiblər ki, Gülmalızadə “Daltonlar”ın lideridir və Oktemin qətl əmri məhz ondan gəlib.
 

Türkiyə istintaq mənbələrinin məlumatına görə, qətlin motivi Oktemin rəqib “Kasperlər” qruplaşmasına hüquqi yardım göstərməsi ola bilər. Bu “Daltonlar”la  Oktem arasında düşmənçiliyə səbəb olub.


Hazırda Türkiyə və Rusiya arasında Gülmalızadənin ekstradisiyası ilə bağlı hüquqi prosedurlar davam edir.

Bizim.Media

Seçilən
13
2
bizim.media

3Mənbələr