Bizimyol portalından verilən məlumata əsasən, ain.az bildirir.
Gəncə Apellyasiya Məhkəməsi “zorlamada və seksual xarakterli zorakılıq hərəkətləri etmədə” təqsirləndirilən bir şəxslə bağlı qərarını açıqlayıb. Apellyasiya şikayəti təmin edilməyib, yəni ilkin hökm qüvvəsində qalıb.
Hadisənin detalları acınacaqlı olduğu qədər tanış səslənir. Əqli qüsuru olan gənc qadın, ona yaxın olan, etibar etdiyi bir insan tərəfindən istismar olunur. Bu, tək bir ailənin faciəsi deyil, bir cəmiyyətin susqunluq sindromunun nəticəsidir. Bu hadisə göstərir ki, cinsi zorakılıq çox vaxt küçədən gəlmir, evin içindən, tanış çevrədən, etimad münasibətlərindən doğur. Biz “qonşumuzdur, tanıyırıq” deyə insanların üzərindəki nəzarəti itiririk. Zorakılıq isə məhz bu boşluqlarda kök salır.
Hadisədə zərərçəkmişin psixoloji və intellektual məhdudiyyətləri onu ikiqat həssas vəziyyətə salıb. Bu cür hallarda cəmiyyətin və dövlətin məsuliyyəti ikiqat artır. Belə insanlar tək buraxıldıqda, onların bədənləri deyil, hüquqları da asanlıqla zorlanır.
Ən təhlükəli cəhətlərdən biri, insanların zorakılığa etiketlərlə yanaşmasıdır. “Qonşudur, pis adam deyil”, “yaşlıdır, elə şey eləməz”, “qızın özü nəsə deyibmi?” və s. bu kimi cümlələr zorakılığı gizlədən ən sadiq müdafiəçilərdir. Biz zorakılığı anormallıq kimi yox, gizlədiləsi biabırçılıq kimi görürük. Nəticədə, zərərçəkmişlərin çoxu susur. Çünki cəza qorxusu yox, utanc mədəniyyəti var.
Məhkəmə hökmü çıxardı, şikayət təmin olunmadı. Qanun işini gördü, amma cəmiyyət öz payını görürmü? Zorakılıq hadisələrinə hüquqi reaksiya kifayət deyil, çünki çox vaxt hüquq yalnız hadisədən sonra işləyir. Bizdə isə profilaktika, maarifləndirmə, psixoloji dəstək mexanizmləri ya yoxdur, ya da formal səviyyədə qalır. Məhkəmənin qərarı bir nəfəri cəzalandırdı, amma onun kimi düşünən yüzlərlə insanı dəyişdirmədi.
Bu hadisə bir daha göstərir ki, cinsi zorakılıq təkcə şəxsi məsələ deyil. Bu, sosial məsuliyyətin göstəricisidir. Əgər biz zərərçəkmişin hekayəsini “ayıb” deyə gizlətsək, növbəti hadisənin iştirakçısı ola bilərik, ya şahid, ya da səssiz müşahidəçi kimi. Zorakılıq haqqında danışmaq ayıb deyil. Ayıb olan onu bilib susmaqdır.
Gəncədəki bu hadisə bir insanın azadlığını deyil, cəmiyyətin vicdanını məhkəmə qarşısına çıxardı. Qanun hökm verdi, amma əxlaq hələ də tərəddüd içindədir. Əgər biz “qonşudur, tanıyırıq” deyib məsuliyyəti üzərimizdən atırıqsa, deməli, növbəti hadisə üçün şərait yaradırıq.
Zorakılığın qarşısını qanun deyil, cəmiyyətin sıfır tolerantlıq münasibəti ala bilər.
Leyla Mirzə, Bizimyol.info
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.