ain.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.
29 oktyabr 2025-ci il səhəri Parisin mərkəzində, bəşəriyyətin ən məşhur muzeylərindən biri olan Luvr sanki kinolardan çıxmış səhnə ilə oyandı. Müxtəlif mənbələrə görə, oğrular muzeyin Apollo qalereyasına daxil olaraq, 100 milyon dollardan çox dəyəri olan zinət əşyalarını, tacları və zərgərlik kolleksiyalarını oğurlayıblar. Hadisə bir neçə dəqiqə ərzində baş verib. İlkin məlumatlara əsasən, bu, peşəkarcasına planlaşdırılmış cinayət olub: oğrular texniki avadanlıqdan, qaldırıcı qurğulardan və işçi geyimlərindən istifadə ediblər. Bu hadisə təkcə maddi zərər deyil, həm də mədəni və simvolik zərbədir.
Son onilliklərdə “heist” janrında çəkilən filmlər – Ocean’s Eleven, The Thomas Crown Affair, Now You See Me, Entrapment və hətta Louvre-un özündə baş verən hadisələri xatırladan Belphégor: Phantom of the Louvre kimi ekran əsərləri cinayəti sənət kimi göstərməyi bacarıb. Bu filmlərdə oğrular soyuqqanlı, ağıllı, cazibədar obrazlardır. Onların cinayətləri qurban deyil, tamaşa yaradır. Hər addım musiqi ilə müşayiət olunur, təhlükəsizlik sistemləri sanki oyun səviyyələrinə çevrilir. Ən maraqlısı odur ki, bu filmlər oğurluğu bilməyənə də öyrədə bilər, çünki orada hər detal, plan və texnologiya dəqiqliklə göstərilir: kamera kor zonaları, vaxtlama, sensor sistemlərinin söndürülməsi, maskalanma, qaçış planı… Bu, bəzən sadəcə kino texnikası deyil, psixoloji hazırlıq təsiri yaradır. Əlbəttə, bir film baxmaqla heç kim peşəkar cinayətkar olmur. Amma bu tip ekran təqdimatları oğurluğu romantikləşdirir, tamaşaçının şüurunda “ağıllı oğru” obrazını “bədxah” yox, “antiaqəhrəman” kimi formalaşdırır.
Luvrdakı hadisə göstərdi ki, real həyatda bu “romantik oğurluqlar” filmlərdəki kimi cəlbedici deyil. Gerçəkdə bu oğurluq hadisəsi qorxulu dərəcədə riskli, dağıdıcı və çox zaman mədəni irsə zərbə vuran bir cinayətdir. Filmlərdə oğru əsər oğurlayır, amma tamaşaçı onu qaytarmasını gözləyir. Həyatda isə bu əşyalar çox vaxt dağıdılır, hissələrə ayrılır və ya qara bazara çıxarılır. Yəni reallıqda oğurluq sənət deyil, tarixin məhv edilməsidir. Psixoloqlar bu fenomeni “estetik cinayət” adlandırırlar. İnsan beynində cinayətin estetik formada təqdim olunması, onu qəhrəmanlıq kimi qavramağa meyil yaradır. “Zəhmətsiz zəfər” ideyası, yəni böyük riskin yüksək qazanc gətirməsi hissi, xüsusilə gənclər və sosial təsirə açıq fərdlər üçün cazibədardır.
Kinoda hər şey planlı, nəzarət altındadır. Reallıqda isə bir səhv illərlə azadlıqdan məhrumiyyət deməkdir. Buna baxmayaraq, mədəniyyət istehlakı (filmlər, oyunlar, seriallar) insanlarda cinayətin təhlükəsindən çox, zəkasına fokuslanma vərdişi yaradıb.
Luvrdakı hadisə bir çoxlarını hiddətləndirdi, amma bəzilərində “heyrət” hissi oyatdı. Sosial şəbəkələrdə “kinoya bənzəyir” deyənlər az olmadı. Bu da göstərir ki, cəmiyyət reallığı artıq kino prizmasından oxumağa öyrəşib. Tamaşaçı üçün hər hadisə bir süjet xəttidir, əxlaq yox, estetika ön plandadır.
Muzeydən 100 milyon dollarlıq zərgərlik oğurlandıqda, insanlar əvvəlcə “necə bacarıblar?” sualını verir, “niyə etdilər?” yox.
Luvrdakı oğurluq hadisəsi sübut etdi ki, mədəni irs artıq təkcə qorunası dəyər deyil, həm də cazibə obyektidir. Kino sənayesi bu cazibəni illərlə parlaqlaşdırdı, amma reallıq onun qaranlıq üzünü göstərdi.
Sənət əsərlərini oğurlamaq, muzeydən "tarix" aparmaq deməkdir. Amma filmlər bu fikri bəzən unutdurur və orada oğurluq bir “yaradıcılıq aktı” kimi təqdim olunur. Bu hadisə bizə bir daha xatırladır ki, kino fantaziyası ilə reallıq arasındakı fərqi itirdiyimiz anda, mədəniyyətin özü təhlükə altına düşür.
Leyla Mirzə, Bizimyol.info
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.