AZ

Elnarə Akimova: İndi müxalifət zamanı deyil, birlik və bütövlük zamanıdır

Qaynarinfo saytından verilən məlumata görə, ain.az xəbər verir.

Milli Məclisin bu gün keçirilən iclasında çıxış edən deputat, YAP Siyasi Şurasının üzvü, filologiya elmləri doktoru Elnarə Akimova Azərbaycan dövlətçiliyinin yeni tarixi mərhələsindən, milli birliyin əhəmiyyətindən və ölkəmizin regionda formalaşdırdığı yeni siyasi reallıqlardan danışıb.

Qayanrinfo-nun məlumatına görə, deputat qeyd edib ki, bu gün Azərbaycan üç yüz illik tarixi prosesin sonlandırılmasına doğru inamla irəliləyir və yürüdülən dövlət siyasətinin alternativi yoxdur:

"Atatürk Qurtuluş savaşını zəfərlə başa vurub Cümhuriyyət elan edəndən sonra 7 il müxalifətsiz fəaliyyət göstərdi. Çünki o dövrdə siyasi müxalifət zamanı deyildi, birləşmək, güclü olmaq zamanı idi. İndi də Azərbaycan eyni mərhələdən keçir. İkinci Qarabağ müharibəsində əldə etdiyimiz qələbə ilə Cənubi Qafqazın üç yüz illik siyasi mənzərəsi dəyişib. Bu gün dövlət siyasətimiz həm müasir gerçəkliklərə, həm də tarixi reallıqlara əsaslanır. Buna qarşı müxalif mövqe tutmaq nə milli, nə də məntiqi baxımdan mümkündür”.

Elnarə Akimova bildirib ki, Azərbaycan xalqı 30 il gözlədiyi zəfəri qazandıqdan sonra artıq məğlubiyyət psixologiyasını birdəfəlik arxada qoyub:

"Xalq bu qələbənin qlobal mahiyyətini dərindən anlayır. Bu, yalnız torpaqlarımızın azad olunması deyil, eyni zamanda milli iradənin, dövlət düşüncəsinin və qürurun qələbəsidir. ATƏT-in Minsk qrupu, 907-ci düzəliş kimi illərlə bizi məhdudlaşdıran maneələr artıq tarixə qovuşub. Ermənistanla sülh sazişinin yubanmasının səbəbi isə onların hələ də konstitusiyalarında Azərbaycana qarşı ərazi iddialarını saxlamasıdır. Azərbaycanın bu iddiaların ləğvi tələbi milli iradənin ifadəsidir”.

Deputat vurğulayıb ki, Azərbaycanın hazırkı siyasəti regionda sülh və sabitliyi təmin edən yeganə real xəttdir:

"Zəngəzur dəhlizinin açılması təkcə Azərbaycanın Naxçıvana, türk dünyasına qovuşması deyil, həm də qlobal sülh layihəsinin bir parçasıdır. Bu layihənin davamlılığına dair verilən vədlər beynəlxalq səviyyədə – o cümlədən Amerikada dövlət başçıları tərəfindən paraflanır. Bu fakt Azərbaycanın apardığı siyasətin böyük milli siyasət olduğunu sübut edir”.

Elnarə Akimova həmçinin Ermənistan müxalifətinin revanşist çağırışlarını tənqid edib:

"Bu gün Ermənistanda müxalifətin başında duran qüvvə — Erməni Apostol Kilsəsinin katolikosu — hələ də üç yüz il əvvəlki imperiya xülyalarının əsiridir. Onlar Azərbaycan torpaqları hesabına qurulmuş xəyali "Dənizdən dənizə Ermənistan" ideyasının puç olduğunu qəbul edə bilmirlər. Halbuki bu ideologiyanın iflasa uğramasının səbəbi İlham Əliyevin həyata keçirdiyi ümumazərbaycan siyasətidir”.

Deputat çıxışını belə tamamlayıb:

 "Tarix elə bir mərhələyə gəlib ki, artıq müxalifət zamanı deyil. İndi birlik, bütövlük, milli həmrəylik zamanıdır. Azərbaycan 300 ilə yaxın idi ki, bu məqamı gözləyirdi və biz bu tarixi mərhələnin canlı şahidləriyik. Tarix bu gün Azərbaycan dövrünü yaşayır.”

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
3
2
qaynarinfo.az

3Mənbələr