Bakı, 31 oktyabr, AZƏRTAC
Bu gün siyasi kimlik məsələsinin nəticələrinə hələ tam toxunulmayıb. Ruanda bu baxımdan yaxşı nümunədir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Lissabon Universitetinin nəzdindəki Beynəlxalq Araşdırmalar Mərkəzində doktorant və almaniyalı tədqiqatçı Abbas İsmail Bakıda Belçika müstəmləkəçiliyinə həsr olunmuş beynəlxalq konfransın “Tanınma və məsuliyyət: simvolik jestlər və təminatlar” mövzusunda keçirilən panel müzakirəsində söyləyib.
O qeyd edib ki, Belçika kolonializmi yalnız ərazini idarə etməyib, həm də Ruanda cəmiyyətində bugünkü geniş kimlik kateqoriyalarını formalaşdırıb. "Koloniyadan əvvəl "Hutu", "Tutsi" və "Twa" qrupları sərt etnik qruplar deyildi, sosial və iqtisadi vəziyyətə görə kiminsə statusu dəyişə bilərdi. Məsələn, zənginləşən bir "Hutu" "Tutsi" ola bilərdi, sərvətini itirən "Tutsi" isə "Hutu".
Belçikalılar isə "Tutsi"ləri üstün irqlər kimi təqdim etdilər. Onlar deyirdilər ki, "Tutsi"lər avropalılara daha yaxın, fiziki və sosial baxımdan daha inkişaf ediblər. Bu, kolonial irqçiliyin və ayrı-seçkiliyin əsasını təşkil etdi.