Bakı, 31 oktyabr, AZƏRTAC
Konqoda talan edilmiş mədəni irs xalqın yaddaşını, tarixini və kimliyini təmsil edir. Bu itkilər yalnız maddi deyil, həm də mənəvi zərbədir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Konqo Demokratik Respublikasından olan fəal, siyasi xadim və insan haqları müdafiəçisi Andrea Kalubi Bakıda Belçika müstəmləkəçiliyinə həsr olunmuş beynəlxalq konfransın “Tanınma və məsuliyyət: simvolik jestlər və təminatlar” mövzusunda keçirilən panel müzakirəsində söyləyib.
İnsan haqları müdafiəçisi qeyd edib ki, Belçika kolonial dövrdə xüsusən kauçuk istismarı nəticəsində həm təbiətə, həm də insanlara böyük zərər vuraraq nəhəng gəlir əldə edib.
Kral II Leopoldun qazancı o dövrdə 70 milyon frank, bugünkü məzənnə ilə təxminən 1,2 milyard avro idi. Ona görə də məsələ yalnız keçmişi xatırlamaqla bitmir, mənəvi, iqtisadi və hüquqi ədalətin bərpası zəruridir.
 
                        