AZ

ABŞ Venesuelanın hərbi obyektlərinə zərbələr endirməyə hazırlaşır

Ağ Ev narkotik qaçaqmalçılığında istifadə olunan liman və hava bazalarını hədəfə alıb...

Poliqon xəbər verir ki, ABŞ administrasiyası Venesuelanın bir sıra hərbi və strateji obyektlərinə zərbələr endirməyə hazırlaşır. The Wall Street Journal qəzetinin məlumatına görə, Ağ Ev artıq mümkün hədəflərin siyahısını müəyyənləşdirib və həmin obyektlərin narkotik qaçaqmalçılığı üçün istifadə edildiyini iddia edir.

Mənbələrin bildirdiyinə görə, hədəflər sırasında dəniz limanları, hərbi dəniz bazaları və aeroportlar da var. Qəzet yazır ki, bu obyektlər Venesuela ordusunun nəzarətində olsa da, onlar beynəlxalq narkotik marşrutlarının mühüm hissəsinə çevrilib və ABŞ kəşfiyyatı tərəfindən uzun müddətdir izlənilir.

Məlumata əsasən, Vaşinqton son həftələr regiondakı hərbi fəaliyyətini gücləndirib, Karib dənizindəki ABŞ gəmiləri və kəşfiyyat təyyarələri mümkün əməliyyatlara hazırlıq məqsədilə fəallığını artırıb. Analitiklər hesab edirlər ki, bu addım həm də Venesuela hökumətinə qarşı siyasi təzyiqin yeni mərhələsini ifadə edir.

Rəsmi Karakas hələlik məsələ ilə bağlı rəy bildirməyib, lakin prezident Nikolas Maduronun administrasiyası əvvəllər ABŞ-ın oxşar planlarını “suverenliyə müdaxilə cəhdi” kimi qiymətləndirib.

Poliqon.info

Seçilən
28
poliqon.info

1Mənbələr