AZ

Cenk Tosun “Neftçi”nin hədəfində: “İcarə ehtimalı...”

“Neftçi” daha bir ulduz futbolçunu transferi edə bilər.

Paytaxt klubu Vinsent Abubakarın ardından Cenk Tosunu da heyətinə qatmaq üçün hərəkətə keçib. Son məlumatlara əsasən, futbolçu ilə maraqlanılıb. Cenkin isə yenidən Abubakarla oynamağa müsbət yanaşdığı deyilir.

Maraqlıdır, azarkeşlərin həyəcanına səbəb olan gəlişmə nə dərəcədə realdır? “Neftçi” Cenk Tosunu transfer edə bilər?

“CBC Sport” telekanalının aparıcı-eksperti, tanınmış idman jurnalisti Elçin Cəfərov “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, bu mövsüm “Neftçi”nin transfer strategiyası çox doğrudur:

“Xüsusilə, yay transfer pəncərəsi dönəmində heyətə yeni qatılan futbolçular keyfiyyət baxımından çox yüksəkdir. Əlbəttə ki, Cenk Tosunun da potensial keçidi “Neftçi”nin hücumuna əlavə güc qatar. Vinsent Abubakar – Cenk Tosun tandeminin “Beşiktaş”da necə uğurlu olduğu hər kəsin yadındadır. Onların Bakı klubunda da çox önəmli işlər görmə ehtimalı böyükdür.

Lakin Cenkin xroniki zədə problemi var. Zədə olmayacağı təqdirdə, Cenk Tosun Azərbaycan futboluna və “Neftçi”yə çox önəmli töhfələr verə bilər. Onun oyun zəkası, topsuz oyunlardakı iştirakı və endirdiyi dəqiq zərbələr paytaxt klubu üçün olduqca faydalı olar. Cenkin 34 yaşında olması mühüm deyil. Çünki o, çox keyfiyyətli futbolçudur.  

Ekspert hesab edir ki, “Neftçi” Cenk Tosunu icarəyə götürə bilər:

“Düzdür, “Neftçi” Cenk Tosunun vəziyyətini soruşub. Oyunçu ilə maraqlanılıb, lakin dəqiq bir şey yoxdur. Məncə, “Neftçi”nin Cenki transfer etməyi sual altındadır. Klubun hazırkı maliyyə vəziyyətini nəzərə alsaq, bu transferin reallaşması çətindir.

Çünki onun “Fənərbağça”da aldığı məvacib 2 milyon avroya yaxındır. Ancaq ulduz futbolçu icarə əsasında heyətə qatılsa, həmin maaşın sadəcə bir hissəsini “Flaqman” ödəyəcək. Yəni transferin deyil, icarə ehtimalının yüksək olduğunu düşünürəm”.

Elçin Cəfərov vurğulayıb ki, “Neftçi” gələcəkdə başqa ulduz futbolçuları da heyətinə cəlb edə bilər:

“Hesab edirəm ki, “Neftçi” bundan sonrakı periodda ulduz futbolçu transferlərini davam etdirəcək. Hətta komanda avrokuboklara vəsiqə qazanarsa, tam fərqli transfer strategiyası da həyata keçirilə bilər”.

Həmsöhbətimiz diqqətə çatdırıb ki, xüsusilə Türkiyədən başqa futbolçuların da adı gündəmə gəlmə ehtimalı böyükdür:

“Nəzərə almaq lazımdır ki, “Neftçi”nin icraçı direktoru Cenk Sümer Türkiyə futbolunda tanınan adamdır. Onun əlaqələri çox genişdir və “Beşiktaş”da çalışdığı dönəmdə etdiyi transferlər də ortadadır. Məncə, “Neftçi” Türkiyə oynamış başqa futbolçuları da transfer edə bilər. 

Xüsusən Vinsent Abubakar transferinin bu baxımdan əhəmiyyəti böyükdür.  Çünki Abubakar artıq başqa futbolçular üçün böyük referansdır. Bu gün “Neftçi” kiməsə transfer təklifi verəndə, heyətdə onun kimi ulduzun olması nəzərə alınır. Üstəlik, Abubakar hər qol vuranda Türkiyədə də gündəm olur. Bunun özü belə böyük reklamdır”. 

Seçilən
38
1
cebheinfo.az

2Mənbələr