Berlin, 31 oktyabr, AZƏRTAC
Avropa İttifaqı (Aİ) Şurasına sədrlik edən Danimarka Aİ məkanında uşaqlara qarşı cinsi istismar materiallarına qarşı tədbirlər barədə qanun layihələrindən şəxsi çat yazışmalarının ümumi şəkildə izlənilməsi bəndini çıxarıb.
AZƏRTAC “Spiegel” nəşrinə istinadla xəbər verir ki, bununla da uşaqlara qarşı cinsi istismarla mübarizə məqsədilə şəxsi mesajların səbəbsiz yoxlanılması həyata keçirilməyəcək.
Avropa Komissiyası 2022-ci ilin mayında internet platformalarını uşaqların cinsi istismarına dair şəkilləri aşkar etmək məqsədilə şəxsi çat mesajlarını kütləvi şəkildə izləməyə qanunla məcbur etmək təklifi ilə çıxış etmişdi. Hazırda feysbuk, instaqram və vatsap kimi onlayn xidmətlər belə halları Brüsselə könüllü şəkildə bildirir. Lakin məlumatların qorunmasının tərəfdarları bu qanun layihəsinin vətəndaşlara qarşı ümumi şübhə yaradan addım olduğunu əsas gətirərək onu tənqid etmişdi.
Aİ ölkələrinin razılaşdığı kompromis hazırda qüvvədə olan qaydalarla oxşardır. Onlayn platformalar belə materialları aşkarlamaq üçün sistemlərdən məhkəmə qərarı ilə deyil, yalnız könüllü əsasda istifadə edə bilər. “End-to-end” şifrələmə təklif edən messencer xidmətlərinin isə mesaj məzmununa birbaşa çıxış imkanı olmayacaq.
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin