AZ

Bu məktəblərin siması yoxdur Fazil Mustafa

ain.az, GlobalInfo saytına istinadən bildirir.

“Təhsilimizdə hələ də müəyyən problemlərin qalması hamımız üçün narahatedici məqamdır. Hər bir məktəbin əsas siması onun direktorudur. Necə ki, universitetin siması onun rektorudur. Rektorun xarakteri və direktorun kimliyi həmin təhsil müəssisəsinin taleyinə birbaşa təsir göstərir. Təhsil prosesinin keyfiyyətli təşkili də məhz bundan asılıdır”.

Globalinfo.az xəbər verir ki, bu fikirləri Milli Məclisin plenar iclasında deputat Fazil Mustafa deyib.

“Azərbaycan Respublikasının Təhsil Nazirliyinin də etiraf etdiyi kimi, hazırda 600-dən çox məktəbdə direktor vəzifəsi boşdur. Yəni bu qədər məktəbin “siması” hələ müəyyən edilməyib. Direktor seçimi üçün isə hər dəfə yeni metodologiya tətbiq olunur. Halbuki, ölkəmiz nə Rusiya, nə ABŞ, nə də digər iri Avropa dövlətləri qədər böyükdür. Bu qədər mürəkkəb və uzunmüddətli seçim prosedurlarına ehtiyac yoxdur.

Bu, ümummilli bir problemdir və köklü şəkildə həll edilməlidir. Dünyanın bir çox inkişaf etmiş ölkələrində məktəb direktorları müəyyən təcrübəyə malik şəxslər arasından seçilir. Məsələn, Finlandiyada bu vəzifəyə ən azı 10 illik pedaqoji təcrübəsi olan müəllimlər arasından seçim aparılır. Kollektiv içərisində tanınan, hörmət qazanan, idarəçilik bacarığı olan şəxs direktor təyin edilir.

Bəzi ölkələrdə “kadr bankı” sistemi mövcuddur — yəni, direktor vəzifəsinə potensial namizədlərin siyahısı əvvəlcədən formalaşdırılır və ehtiyac yarandıqda, həmin bankdan uyğun şəxs seçilərək təyin olunur. Bizdə isə bu mexanizm tam formalaşmayıb. Nəticədə məktəblər aylarla, bəzən illərlə direktorsuz qalır, tədris prosesinin səviyyəsi aşağı düşür və bunun mənfi təsirini birbaşa şagirdlər daşıyır.

Digər tərəfdən, hər il yüzlərlə ixtisaslı məzun, gənc müəllim, təhsil işçisi yetişdirilir, lakin onların böyük bir hissəsi işlə təmin olunmur. Onlar yalnız öz təşəbbüsləri və ya valideynlərin müraciətləri ilə müəyyən yerlərdə iş tapa bilirlər. Halbuki, dövlət bu gənclərin təhsilinə külli miqdarda vəsait xərcləyir, onları yetişdirir və onların potensialından səmərəli istifadə olunmalıdır.

Bu məsələyə ciddi diqqət yetirmək vacibdir. Dövlətin sərmayəsi, Prezidentin təşəbbüsləri nəticəsində yetişən bu gənclərin məşğulluğu təmin edilməli, onların bilik və bacarıqları təhsil sisteminin inkişafına yönəldilməlidir”, – Fazil Mustafa bildirib.

Safura Bənnayeva

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
15
globalinfo.az

1Mənbələr