AZ

Tramp yeni planı üçün 14 ölkəni seçdi - Azərbaycan da siyahıdadır

BAKI, 31 oktyabr. TELEQRAF

ABŞ-nin Donald Tramp administrasiyası bir neçə həftə ərzində Qəzza zolağında beynəlxalq sabitləşdirmə qüvvələrini yerləşdirmək planı hazırlayır.

Teleqraf xəbər verir ki, bu barədə “Al Arabiya” mənbələrə istinadla məlumat yayıb.

Səudiyyə Ərəbistanı telekanalının məlumatına görə, Qəzza zolağına göndəriləcək qüvvələrə ərəb və regiondankənar ölkələrin qoşunları daxil olacaq. Fələstin anklavına qoşun göndərə biləcək konkret ölkələrin adları açıqlanmayıb.

“Al Arabiya”nın mənbələri ABŞ-nin Qəzzada təhlükəsizliyi təmin edəcək Fələstin Milli Administrasiyasının polis zabitlərinə təlim keçməyi planlaşdırdığını da söyləyiblər.

ABŞ ordusundan kanala bildirilib ki, Qəzza üçün yaradılan Mülki-Hərbi Koordinasiya Mərkəzi (CMCC) sürətlə çoxmillətli mərkəzə çevrilir, hazırda davam edən atəşkəs sazişi çərçivəsində humanitar, maddi-texniki və təhlükəsizlik yardımını koordinasiya etmək üçün 14 ölkə və 20 qeyri-hökumət təşkilatının nümayəndələrini bir araya gətirir.

ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) sözçüsü kapitan Tim Hokins iştirakçı ölkələrin adlarını çəkməkdən imtina etsə də, yalnız Böyük Britaniyanın mümkün iştirakına işarə edib.

Məlumata görə, İsrail bəzi ölkələrin, o cümlədən Türkiyənin Qəzzaya qoşun göndərməsinə qarşı olduğunu bildirib.

“Politico” oktyabrın 16-da Pentaqona istinadla yaydığı məlumatda yazmışdı ki, Pakistan, Azərbaycan və İndoneziyanın vəziyyəti sabitləşdirməyə kömək etmək üçün Qəzza zolağına qoşun göndərəcəyi gözlənilir. Son olaraq oktyabrın 30-da “AnewZ”un yaydığı məlumatda qeyd olunmuşdu ki, ABŞ Azərbaycana müraciət edərək, Qəzza zolağında təhlükəsizliyin təmin edilməsi üçün beynəlxalq missiyaya qoşulmasını xahiş edib.

Seçilən
13
teleqraf.com

1Mənbələr