“Düz 22 il əvvəl, 2003-cü ilin bu günü, Müzəffər Lider, cənab İlham Əliyev Konstitusiyanın 103-cü maddəsini rəhbər tutaraq ilk dəfə dövlət başçısı kimi dövlətin müstəqilliyi və ərazi bütövlüyünü qoruyacağına, xalqa ləyaqətlə xidmət edəcəyinə and içmiş, Ulu Öndər Heydər Əliyevin siyasətini davam etdirəcəyini vəd vermişdi”.
“Cebheinfo.az” xəbər verir ki, bunu parlamentin bugünkü iclasında deputat Bəhruz Məhərrəmov deyib.
Deputat qeyd edib ki, vəd vermək, siyasətçinin fəaliyyət metodudur və dünya təcrübəsində liderlərə bir qayda olaraq verdiyi vədləri yerinə yetirmək ya tarixi şərait, ya da vədlərin özünün miqyası baxımdan müəssər olmur:
“Açıq desək, 2003-cü ilin tarixi şəraitində, Cənubi Qafqaz kimi mürəkkəb coğrafiyada, cənab İlham Əliyevin işğala məruz qalmış bir ölkəylə müqayisədə miqyası hədsiz böyük olan vədlərini yerinə yetirmək ağlasığmaz görünürdü.
2003-cü ilin mənfur oktyabr hadisələri və sonrakı dövrlərdə çoxsaylı xarici müdaxilə cəhdləri də göstərməkdə idi ki, nəinki dövlətin müstəqilliyi və ərazi bütövlüyü, ümumiyyətlə dövlətin mövcudluğunu davam etdirmək məsələsi sual altında idi.
Üstəlik hakimiyyət daxilində prezidentlik iddiasına düşmüş məmurlar, istər hakimiyyət daxilindən, istərsə də xaricdən ayrı-ayrı güclər tərəfindən maliyyələşdirilən o zamankı siyasi-marionetlərin müəyyən güc qazanması ictimai-siyasi sabitliyi təhdid etməkdə idi”.
Deputat bildirib ki, cənab İlham Əliyev hələ o zaman nümayiş etdirdi ki, nəyi necə və nə zaman edəcəyini bilir:
“22 illik yaxın tarixə nəzər yetirsək, birmənalı şəkildə deyə bilərik ki, ötən dövrün hər günü cənab İlham Əliyev bizi ümummilli məqsədlərə daha da yaxınlaşdırıb.Ötən 22 ildə cənab İlham Əliyev nəinki, dövlət içində dövlət qurmaq istəyən xainlərə və səfirliklərdə bir bakal alma şirəsi müqabilində narıncıya boyadılmış radikal klounlara meydan vermədi, əksinə milli iradəni tarixin heç bir dövründə olmadığı qədər iqtidar sahibi etdi.
Ötən 22 ildə cənab İlham Əliyev Azərbaycan dövlətini ləyaqətlə təmsil edib tarixin heç bir dövründə heç bir liderə müyəssər olmayacaq şəkildə xalqın vahidliyini təcəssüm etdirməyə və dövlətçiliyin varisliyini təmin etməyə nail oldu. Bütün maneələrə baxmayaraq əzmlə həyata keçirdiyi strategiya nəticəsində siyasi müstəqilliyin möhkəmlənməsi, tam iqtisadi müstəqilliyə nail olunması, ordu və müdafiə sənayesi quruculuğu bizi böyük hərbi-siyasi zəfərə daşıdı.
Beşinci ildönümünü qeyd etdiyimiz bu zəfərlə isə Cənab İlham Əliyev mövcudiyyət tariximizdə ilk dəfə hər kəsi, xüsusən on illiklər boyu bizi hesaba almayanları, istehza ilə məğlubiyyətə göz yummağı çağıranları, barəmizdə bizsiz qərar verənləri bizimlə hesablaşmağa vadar etdi. Təcavüzkar “böyük Ermənistan” mifini qırmaqla Cənubi Qafqazda sülhü sabitliyi təhdid edən situasiyanı aradan qaldırmış oldu, elə Azərbaycan və Ermənistanın öz simalarında bölgəmizin hərb meydanından əməkdaşlıq platformasına transformasiyası istiqamətində real nəticələrə aparan status-kvoya nail oldu”.
 
                        