ain.az, futbolpress-az portalına istinadən məlumatı açıqlayır.
Azərbaycan Premyer Liqasında bu gün X tura start veriləcək. İlk oyun günündə “Qarabağ” “İmişli”ni qəbul edəcək.
“Zirə” bu turda “Karvan-Yevlax”ı, “Neftçi” isə “Kəpəz”i qəbul edəcək. “Şamaxı” səfərdə “Turan Tovuz”un, “Araz-Naxçıvan” “Sumqayıt”ın qonağı olacaq. Tura “Sabah” – “Qəbələ” matçıyla yekun vurulacaq.
31 oktyabr / 17:00 Qarabağ – İmişli
Çempionlar Liqasında “Atletik”ə məğlubiyyətdən sonra liqada “Şamaxı”yla heç-heçə edən “Qarabağ” “İmişli” qarşısında aşkar favoritdir. “Atlılar”ın noyabrın 5-də Çempionlar Liqasında “Çelsi” ilə ev oyunu var və bu matçöncəsi Qurban Qurbanovun heyətdə rotasiyalar edəcəyi gözlənilir. Premyer Liqa oyunlarını ehtiyat heyətlə keçirən “atlılar”ın bölgə klubu qarşısında büdrəyəcəyi gözlənilmir.
“İmişli” bu mövsüm autsayder kimi göstərilsə də, nəticələrlə proqnozları alt-üst edib. Müdafiə futbolu ilə diqqət çəkən və arxa xəttdə kompakt oynayan bölgə klubu “Neftçi”, “Sabah”, “Zirə” kimi komandalardan xal almağı bacarıb. Güclü rəqiblərə qarşı ultramüdafiə ilə oynayan “İmişli” ultramüdafiə futbolu ilə son çempiona çətinlik yarada bilər.
1 noyabr / 14:00 Karvan-Yevlax – Zirə
Autsayder “Karvan-Yevlax” 8 turdur, qələbə qazana bilmir. Son turda “Turan Tovuz”la matçda hesabı açan yevlaxlılar daha sonra 8 dəqiqə ərzində geri düşdü və yekunda xalsız qaldı. Bu tura qədər çempionatda ən zəif oyun sərgiləyən kollektiv olan yevlaxlıların “Zirə” qarşısında da şansları azdır.
Görüşün favoriti qonaqlardır. Rəşad Sadıqovun rəhbərlik etdiyi “Zirə” keyfiyyət baxımından rəqibini aşkar üstələyir. Qapanan komandalara qol vurmaqda çətinlik yaşayan “qartallar”ın əsas problemi məhz bu amildir. “Karvan-Yevlax”a vurulacaq erkən qol oyunu aça və sürətli hücum xətti olan “qartallar”a əlavə qol imkanları yarada bilər.
1 noyabr / 17:00 Neftçi – Kəpəz
Ötən turda “Qəbələ”ni səfərdə məğlub edən “ağ-qaralar” kubokda da MOİK-i darmadağın edib. Vensan Abubakarın gəlişindən sonra məhsuldarlığı artan “Neftçi” qələbə seriyasını “Kəpəz” qarşısında da davam etdirmək niyyətindədir. Meydan sahibləri həm də bu mövsüm çempionatda ilk ev qələbəsini qazanmaq niyyətindədir.
“Kəpəz” isə Azər Bağırovun gəlişindən sonra oyun planında artırıb. “Şamaxı”ya qalib gəldikdən sonra “İmişli”yə uduzan gəncəlilər “Neftçi” səfərindən xal almaq arzusundadır. Bir xal belə gəncəlilər üçün qələbəyə bərabər olacaq.
2 noyabr / 16:00 Turan Tovuz – Şamaxı
Buna qədər ev oyunlarını Bakıda keçirən “Turan Tovuz” bu matçla doğma arenasına qayıdır. Azarkeşləri önündə “Şamaxı” ilə qarşılaşacaq tovuzlular favoritdir. Turnir cədvəlinin birinci pilləsində qərarlaşan Tovuz klubu mövsümün ilk ev oyununda qələbə qazanmaqla postunu qorumaq və yerli fanatlara üç xal sevinci yaşatmağa çalışacaq.
“Şamaxı” isə qeyri-stabil nəticələrlə diqqət çəkir. “Kəpəz”ə uduzub, “Qarabağ”dan xal alan “şirlər”in Tovuz səfərində şansları azdır. Ayxan Abbasov amili komandanın əsas üstünlüyüdür. Mütəxəssis güclü rəqiblərlə oyunlarda xal almağı bacarıb. Ötən turun “Qarabağ”la oyunu “Turan Tovuz” üçün də siqnal olmalıdır.
2 noyabr / 18:30 Sumqayıt – Araz-Naxçıvan
Premyer Liqanın ortabablarından “Sumqayıt” bu mövsüm ev oyunlarında daha yaxşı performans sərgiləyir. Son 5 oyunda cəmi 1 qələbə qazanan “kimyaçılar” “Araz-Naxçıvan”ı büdrətməklə turnir cədvəlində naxçıvanlıları üstələyə bilər. Komandalar arasındakı fərq 2-dir.
“Araz-Naxçıvan” isə son iki oyundur, heç-heçə edir. “Neftçi” və “Sabah”la məhsuldar görüşlərdən bir xal qazanan Naxçıvan təmsilçisi heç-heçə seriyasını bitirmək niyyətindədir. Heyətin təcrübəsi və keyfiyyəti “kimyaçılar”dan üstündür. Elmar Baxşıyevin yetirmələri son beş səfər matçında uduzmayıb.
3 noyabr / 19:30 Sabah – Qəbələ
Son turların ən formada olan komandalarından “Sabah” autsayder qarşısında favoritdir. Valdas Dambrauskasın rəhbərlik etdiyi kollektiv inamlı oyunu ilə diqqət çəkir. Son 5 oyunda 3 qələbə qazanan “bayquşlar” lider “Turan Tovuz”dan üç xal geri qalır. “Sabah” turun son oyun günündə meydana çıxacaq və ondan öncə yuxarı pillələrdəki rəqiblərin xal itirməsi komanda üçün əlavə motivasiya qaynağı ola bilər.
“Qəbələ” isə yaxşı oynayıb, xal qazana bilməyənlərdəndir. Hər matçda rəqibləri ilə başa-baş mübarizə aparan, kifayət qədər qol epizodları yaradan “qırmızı-qaralar”da təcrübə çatışmazlığı əsas problemdir. Komanda qış fasiləsinə qədər mümkün qədər xallar qazanmalıdır. Əsk halda, uğursuz seriya komanda üçün gələcəkdə daha çox problemə səbəb ola bilər.
Şahin Cəfərov
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
 
                        