AZ

Yelo Bank müştərisinin kredit şikayəti- Ödəniş edirəm borc azalmır

Yelo Bank müştərisi kredit ödənişləri ilə bağlı qarşılaşdığı vəziyyətə görə sosial şəbəkədə narazılıq bildirib. AzPost yayılan məlumata istinadla xəbər verir ki, vətəndaş bacısının 2024-cü ilin mart ayında götürdüyü kredit üzrə bütün ödənişləri vaxtında və artıqlaması ilə yerinə yetirdiyini, lakin buna baxmayaraq bankın hələ də borc qaldığını bildirdiyini qeyd edib.

Müştəri Leyla Cavadovanın sözlərinə görə, bacısı 29 mart 2024-cü il tarixində Yelo Bank-dan 5400 manat məbləğində kredit götürüb. O, həmin müddət ərzində bütün aylıq ödənişləri vaxtında həyata keçirib və ümumilikdə 4639 manat geri qaytarıb.

Lakin indi krediti tam bağlamaq istədikdə bankdan gözlənilməz cavab alıblar. Cavadova bildirib ki, bank əməkdaşları “artıq ödəniş etdikdə kuratoru xəbərdar etmədiyinizi demişik” arqumenti ilə borcun tam bağlanmadığını əsas gətiriblər.

“Bacım hər ay ödənişləri dəqiq şəkildə edib. İndi isə bank deyir ki, artıq ödəniş barədə məlumat verilməyib, ona görə də borc azalmayıb. Halbuki, ümumilikdə ödənilən məbləğ götürülən kreditin böyük hissəsini təşkil edir”, – deyə Cavadova qeyd edib.

O, əlavə edib ki, bank hesablamalarına əsasən hazırda kredit üzrə 2140 manat borc qalıb.

Paylaşım sosial şəbəkələrdə müzakirə doğurub. Bir çox istifadəçilər bank sistemlərində avtomatik ödəniş qeydlərinin aparıldığını, bu halda “xəbərdarlıq edilməməsi” səbəbindən borcun artmasının məntiqsiz olduğunu bildiriblər.

Hazırda Yelo Bank tərəfindən məsələ ilə bağlı ictimai açıqlama verilməyib.

AzPost.az

Seçilən
10
1
azpost.info

2Mənbələr