Bakı, 31 oktyabr, AZƏRTAC
Bu ilin yanvar-sentyabr aylarında Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzinin tabeliyində olan qoruq və mədəniyyət müəssisələrini ümumilikdə 706 min 494 nəfər ziyarət edib.
AZƏRTAC xəbər verir ki, bu barədə Qoruqları İdarəetmə Mərkəzinin təşkilatçılığı ilə Palçıq Vulkanları Turizm Kompleksinə təşkil olunan mediaturda Mərkəzin İdarə Heyətinin sədri Murad Ağabəyli deyib.
O bildirib ki, ziyarətçi sayı ötən ilin eyni dövrü ilə müqayisədə 25,71 faiz artıb. Ziyarətçilərdən 547 min 323 nəfər (77,47 faiz) xarici, 159 min 171 nəfər (22,53 faiz) isə yerli turistlərdir. Qoruq və mədəniyyət müəssisələrinə gələnlər arasında xarici vətəndaşların payı əvvəlki illə müqayisədə 10 faiz çoxdur.
 
                        