Azərbaycanda hazırda 600 məktəbdə direktor vəzifəsi boşdur və mövcud seçmə mexanizmlərinin mürəkkəbliyi təhsilin idarəetməsində problemlər yaradır. Bunu oktyabrın 31-də Milli Məclisin plenar iclasında deputat Fazil Mustafa deyib.
"Hər məktəbin siması onun direktorudur və direktorun kimliyi məktəbin taleyinə birbaşa təsir göstərir. Direktor təyinatı üçün tətbiq edilən test və imtahan mərhələləri həddindən artıq çətinləşdirilib. Bir direktor seçimi nədir ki, bu qədər testdən keçirilir. Mürəkkəb bir labirint yaradılıb", - deputat bildirib.
Fazil Mustafa vurğulayıb ki, bir sıra Avropa ölkələrində direktor olmaq üçün sadəcə 10 illik pedaqoji staj tələb olunur və ya kadr bankı sistemi tətbiq edilir.
Deputat həmçinin qeyd edib ki, “xaricdə dövlət hesabına təhsil alan yüzlərlə gənc ölkəyə qayıtdıqdan sonra işsizlik problemi ilə üzləşir, bu da dövlətin sərf etdiyi vəsaitin səmərəsiz istifadəsinə gətirib çıxarır”.
Gülnar Nazimqızı
 
                        