Son aylarda Unibank müştəriləri kəşbek ödənişləri ilə bağlı ciddi narazılıqlar bildirirlər. AzPost sosial şəbəkələrdə yayılan məlumatlara istinadla xəbər verir ki, bir çox istifadəçi sentyabr ayına aid alış-veriş əməliyyatlarına görə vəd edilən kəşbeklərin hesablarına köçürülmədiyini iddia edir.
İstifadəçilərin sözlərinə görə, bank ilkin mərhələdə bu məsələnin ay sonuna qədər həll olunacağını bildirsə də, sonradan bu vəd yerinə yetirilməyib. Şikayətlərdə qeyd olunur ki, əvvəllər 4,5 faiz səviyyəsində olan kəşbeklər indi 0,5 faizə endirilib.
Müştərilər bildirirlər ki, Unibank əməkdaşları da artıq bu azalmadan xəbərdardır və bəzi filiallarda vətəndaşlara “kəşbeklər qaytarılmayacaq” cavabı verilir.
Sosial şəbəkə istifadəçisi Rüfət Novruzov paylaşımında qeyd edib ki, bank bir neçə aydır “saxtakarlığa keçib” və sentyabr ayı üçün kəşbeklərin ödənilmədiyini bildirib. Onun sözlərinə görə, iki aydır məsələ ilə bağlı əlaqə saxlamasına baxmayaraq, bank tərəfindən problem hələ də həll olunmayıb.
Paylaşılan şəkillərdə də oktyabr ayı üzrə bəzi əməliyyatlarda “Socar”, “Trendyol”, “Push30” və “Temu” kimi tərəfdaşlardan qazanılmış kəşbeklərin ya azaldıldığı, ya da tamamilə ləğv edildiyi görünür.
Məsələn, “Socar” yanacaqdoldurma məntəqələrində həyata keçirilən ödənişlərə görə əvvəl 4,5 faiz kəşbek vəd olunsa da, bəzi əməliyyatlarda müştərilərə cəmi 0,18–0,19 manat geri qaytarıldığı əks olunur.
Qeyd edək ki, kəşbek proqramları banklar tərəfindən müştəriləri alış-verişə təşviq etmək üçün tətbiq edilir. Lakin şərtlərin dəyişdirilməsi və ya azaldılması halları müştərilər arasında narazılıq yaradır.
Unibank tərəfindən məsələ ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.
