AZ

Əfqan Vəliyev: “Qərbi Azərbaycanın mədəni irsi millətin kimliyinin pasportudur”

Hüquq və İnsan Haqları İnstitutunda “İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyi tərəfindən icra olunan “Qərbi Azərbaycan İrsi” layihəsinin yekun tədbirində çıxış edən Sosiologiya üzrə fəlsəfə doktoru, Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri Əfqan Vəliyev Qərbi Azərbaycanın milli-mədəni əhəmiyyətindən və layihənin strateji dəyərindən danışıb.

QHT.az xəbər verir ki, Əfqan Vəliyev vurğulayıb ki, Qərbi Azərbaycan təkcə coğrafi ərazi deyil, həm də Azərbaycan mədəniyyətinin formalaşmasında mühüm rol oynamış ideoloji və mədəni məkandır:

“Qərbi Azərbaycan mədəniyyətimizin beşiyidir. O, Azərbaycan mədəniyyətinin formalaşmasında çox mühüm rol oynayan bir coğrafiyadır. Qərbi Azərbaycanın maddi-mədəni irsinin tədqiqi, əslində, Qərbi Azərbaycana qayıdışın ideoloji əsasını təşkil edir. Maddi və mədəni irs millətin kimliyinin pasportudur, onun tarixi keçmişinin nəsildən-nəsilə daşıyıcısıdır.”

O bildirib ki, layihə çərçivəsində 500-dən artıq tarixi abidə və mədəni irs nümunəsi sənədləşdirilərək ictimaiyyətə təqdim olunub:

“Bu layihədə iştirak etdiyim üçün məmnunam. Siyahının hazırlanmasında ekspert kimi iştirak etmişəm. Bu cür layihələr Azərbaycanın ictimai-mədəni həyatında mühüm rol oynayır və milli yaddaşın qorunmasına xidmət edir.”

Əfqan Vəliyev çıxışının sonunda “İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyinə və layihənin rəhbəri Cəsarət Hüseynzadəyə təşəkkür edərək qeyd edib ki, bu kimi təşəbbüslər Qərbi Azərbaycanın tarixi irsinin gələcək nəsillərə ötürülməsində əvəzsiz rol oynayır.

 

Qeyd edək ki, “İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyi tərəfindən icra olunan “Qərbi Azərbaycan İrsi” layihəsi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilib.

Seçilən
22
qht.az

1Mənbələr