AZ

Döyüş ruhundan güclü silah yoxdur!

Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin (XTQ) polkovnik-leytenantı Saleh Həsənovu ilk dəfə silahdaşı, şəhid kapitan Fikrət Məmmədov haqqında sənədli televiziya filmi hazırlayandan tanımışdım. Məğrur səsi, ciddi baxışları və qürurverici çıxışı ilə yadımda qalmışdı. Elə o zaman Salehin Azərbaycan Ordusu üçün necə dəyərli zabit olduğunu kəşf etmişdim.

Pakistan Ordusunda XTQ-nin ilk şəhidi Fikrət Məmmədovdan sonra təlimlər keçən, hərbi təhsil alan və xüsusi təyinatlı kimi mühüm normativləri ən yüksək səviyyədə yerinə yetirən bu Azərbaycan hərbçisinin adı İslamabadın yaxınlığındakı məşhur Çerat hərb muzeyində əbədiləşdirilmişdir. XTQ-nin zabiti, polkovnik-leytenant Saleh Həsənovun tərcümeyi-halının qürurverici anlarından yazmaqla qəhrəman Vətən oğulları ilə bir daha öyünməyimizi xüsusi olaraq diqqətə çatdırmaq istəyirəm.

Saleh Valeh oğlu Həsənov 1986-cı ildə Goranboy rayonunun Qızılhacılı kəndində doğulub. Şəhid Dilbazi Qasımov adına 1 saylı tam orta məktəbi qurtardıqdan sonra müxtəlif ali məktəblərdə təhsilini davam etdirib. 2011-ci ildə Pakistan ordusunda təlimlərə qoşulub, Xüsusi Əməliyyat Məktəbində hərb sənətinin incəliklərini öyrənib, 2017-2018-ci illərdə Rusiyada Ryazan Hava Desant Məktəbini bitirib.

XTQ-nin zabiti Saleh Həsənov 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsində Kəlbəcərin, Xocavəndin, Cəbrayılın, Şuşanın azadlığı uğrunda aparılan döyüşlərin iştirakçısı olub. Rəşadətli hərbçi kimi göstərdiyi qəhrəmanlıq nümunəsi yüksək qiymətləndirilib. “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülüb. Söhbətimiz zamanı Böyük Zəfərimizin 5 illik tarixi haqqında təəssüratlarını danışdı:

– Hazırda Qələbə paradına hazırlaşırıq. Bu Zəfər böyük sərkərdə – Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin, xalqımızın və Silahlı Qüvvələrimizin “Dəmir Yumruğ”unun möhtəşəm qələbəsidir. Vətən müharibəsi dərsliklərə, kitablara yazılan yeni şanlı tariximizdir. Savaşın ilk günü ilə sonrakı günlərini müqayisə etsək, döyüşçülərin mənəvi-psixoloji vəziyyətinin dəyişməsini xüsusi qeyd etmək lazımdır. Birinci gün müharibə başlayanda biz döyüşlərin nə qədər uzanacağını bilmirdik. Öz gücümüzə əmin idik, sadəcə, düşməni bilavasitə döyüş meydanında dişimizə vurmamışdıq. İlk uğurlardan sonra özümüzə inamımız daha da artdı.

27 sentyabrda döyüşə Kəlbəcər istiqamətindən başlamışdıq. Müəyyən tapşırıqları icra edəndən sonra Göygöl, Gəncə, Tərtər, Bərdə istiqamətində yaşayış məntəqələrində olduq. Döyüşçülər hələ tam uğur əldə etməmiş mülki əhalinin içinə girəndə dinc sakinlər anladılar ki, müharibə başlanıb. Bu o insanlar idi ki, 90-cı illərdə də müharibənin ağrı-acısını yaşamışdılar. Əlbəttə, xalqımız əsgərə də, zabitə də həmişə hörmətlə yanaşıb. Bir sözlə, Azərbaycan hərbçisinə ümumxalq məhəbbətinin şahidi olmuşuq.

Müharibə hər kəs üçün böyük imtahan idi. Bütün iradəmizi, qalibiyyət gücümüzü ortaya qoymuşduq. Biz bir idik və heç bir güc qarşımızda tab gətirə bilmədi. Yaşlı analar, ağsaqqal kişilər bizə xeyir-dua verirdilər. “Gedin ölün, öldürün, amma torpağı almamış geri dönməyin”, – deyirdilər. Bir qismət çörəyi belə maşınımızın dalınca qaçaraq bizə çatdırırdılar. Bütün bunlar döyüşçülərdə çox fərqli bir ruh yaratdı və biz öz aramızda dedik ki, bu insanların qarşısına mütləq qələbə ilə qayıtmalıyıq.

Komandirlərimizin, siyasi rəhbərlərimizin şəxsi heyət qarşısında çıxışları, qələbəyə səsləyən nidaları döyüşçüləri ruhlandırırdı. Və mən deyərdim ki, müharibədə silahdan da, təchizatdan da daha qüvvətlisi döyüş ruhudur. Qələbə ruhu olmayan əsgərin əlinə hansı modern silahı verirsənsə ver, onun döyüşdə qalib gəlməsi mümkün deyil. Zəfər yürüşümüz zamanı döyüşdə hər şeyi qətiyyət, qeyrət, aydın məqsəd, Vətən üçün can fəda etmək əzmi həll edirdi...

Hadrutda çox qızğın döyüşlər oldu. Düşmən diviziyasının komanda məntəqəsi orada yerləşirdi. Taktiki cəhətdən, say etibarı ilə bizim qüvvələrin oraya girməsi sual altında idi. Amma az sayla həm Hadrutda, həm də Şuşa döyüşlərində dünya hərb tarixinə düşən hərbi taktika ilə düşməni məğlub etdik. Daşnaklar bizim sayımızı təxmin edə bilmirdilər. Taktiki cəhətdən qiymətləndirsək, onlar sayca bizdən çox idilər.

Şuşanın alınmasında qeyri-adi hadisələrdən danışmaq istərdim. Elə olub ki, 3–5 döyüşçü bir bölüyün üstünə gedirdi. Siz döyüş ruhunun insana təsirinin gücünə fikir verin. Azsaylı şəxsi heyətimizin qarşısında bir bölük erməni aciz qalırdı. Bir komandir kimi dərk edirdim ki, qələbəyə doğru gedirik, Zəfər bizimlədir! Bir də bu meydanda bütün xalq ruhən döyüşürdü, ona görə Zəfərimizin əldə olunmasında hamının payı var.

Bəzi ərazilərimizi azad edəndən sonra efir tezliklərimiz vasitəsilə imkan olduqca, radiolarımıza qulaq asırdıq. Son xəbərləri dinləyəndə Ali Baş Komandanımızın qətiyyətini, əhalinin qalibiyyət əzmini duyduqca, ürəyimiz dağa dönürdü, qolumuzun gücü birə-yüz artırdı. Xüsusilə, ölməz Üzeyir bəyin “Cəngi”si ruhumuza ruh qatırdı. Şuşadakı qələbəmiz Azərbaycan ordusunun qalibiyyət taktikasını, xalqımızın gücünü bütün dünyaya nümayiş etdirdi.

Bir komandir kimi Müzəffər Ordumuzla bu gün də qürur duyuram, sabah da fəxr edəcəyəm.

Kəmalə ABDİNOVA
XQ

Seçilən
19
1
xalqqazeti.az

2Mənbələr