Maliyyə savadlılığının artırılması və gənclərin investisiya bazarına inteqrasiyasını təşviq etmək məqsədilə “Invest-AZ İnvestisiya Şirkəti” QSC və Naxçıvan Dövlət Universiteti birgə seminar təşkil edib.
Seminarın açılışında NDU-nun rektor müşaviri Ülvi Baxışlı çıxış edərək qeyd edib ki, bu cür təşəbbüslər gənc iqtisadçıların və analitiklərin real bazar mexanizmlərini öyrənməsinə, gələcəkdə investisiya mühitində daha peşəkar qərarlar verməsinə şərait yaradır. Açılış nitqi ilə çıxış edərək tədbirin əsas məqsədinin tələbələri maliyyə bazarlarının iş prinsipləri, investisiya imkanları və analitik yanaşmalar barədə maarifləndirmək olduğunu vurğulayıb.
InvestAZ şirkətinin tədris üzrə baş mütəxəssisi, iqtisad üzrə fəlsəfə doktoru Rövşən Məmmədov “Maliyyə bazarlarında praktik fəaliyyət və əldə edilmiş uğurlar” adlı təqdimatında real bazar nümunələri əsasında qiymətli kağızlarla əməliyyatların analitik aspektlərinə toxunub. O, həmçinin risklərin idarə olunması və portfel diversifikasiyası kimi anlayışların investor davranışına təsirini izah edib.
Şirkətin maliyyə məsləhətçisi Rəşad Mustafayev isə “Bitcoin haqqında məlumat” mövzusunda çıxış edərək kriptovalyuta bazarının dinamikası, texnoloji infrastrukturu və rəqəmsal aktivlərin iqtisadiyyatdakı artan rolundan danışıb.
Seminar zamanı maliyyə bazarlarının funksional prinsiplərini əks etdirən təqdimatlar nümayiş olunub, tələbələrin çoxsaylı sualları cavablandırılıb. Tədbir iştirakçıları bu formatın gələcəkdə region universitetlərində də davam etdirilməsinin əhəmiyyətini vurğulayıblar.
 
    
    
    
 
                        
                    