AZ

Tramp qaçqınların ABŞ-da məskublaşmasını qadağan ETDİ

CNN-in məlumatına görə, ABŞ prezidenti Donald Trampın administrasiyası ölkəyə qəbul ediləcək qaçqınların illik sayını kəskin şəkildə azaldıb. Yeni qərara əsasən, bundan sonra ABŞ-a maksimum 7 500 nəfər qaçqın qəbul ediləcək. Bu rəqəm əvvəlki — 125 000 nəfərlik limitlə müqayisədə 15 dəfədən çox azalma deməkdir.

Məlumata görə, əsas kvota ağdərili cənubi afrikalılar üçün nəzərdə tutulub. Qərarın səbəbi isə açıqlanmayıb.

Xəbərdə qeyd olunur ki, ABŞ-ın Federal Reyestrində dərc edilən sənədə görə, 2026-cı maliyyə ili üçün 7 500 qaçqının qəbulu “humanitar səbəblərlə və ya milli maraqlara uyğun olaraq” əsaslandırılıb.

Tramp administrasiyasının bu addımı, müşahidəçilərin fikrincə, ABŞ-ın uzun illər iki partiyanın dəstəyinə malik olan qaçqın proqramına daha bir zərbə kimi qiymətləndirilir. Xatırladaq ki, Donald Tramp prezidentlik dövrünün ilk günündə həmin proqramı dayandırmışdı.

O vaxtdan bəri ölkəyə çox az sayda qaçqın buraxılıb və onların da əksəriyyətini ağ cənubi afrikalılar təşkil edib. Bəzi hallarda isə məhkəmə qərarları əsasında müəyyən qaçqınlara proqramın dayandırılması dövründə ABŞ-a daxil olmağa icazə verilib.

Bu ilin fevralında Tramp administrasiyası afrikaaner (ağdərili afrikalı fermerlər) üçün xüsusi proqram elan edib. ABŞ hökuməti onların Cənubi Afrikada ayrı-seçkilik və zorakılıqla üzləşdiyini iddia edib. Lakin Cənubi Afrika hökuməti bu iddiaları təkzib edib.

CNN yazır ki, qaçqınların sayının azalması fonunda ABŞ-da bir çox humanitar və immiqrasiya təşkilatları fəaliyyətlərini ixtisar etməyə və işçi sayını azaltmağa məcbur qalıb.

Ekspertlər hesab edirlər ki, bu qərar uzunmüddətli perspektivdə ABŞ-ın immiqrasiya və humanitar siyasətinə, həmçinin qaçqınların müdafiəsinə dair beynəlxalq öhdəliklərinə təsir göstərə bilər.

Seçilən
6
veteninfo.az

1Mənbələr