AZ

“Dünyamızın və məmləkətimizin düzəlməsini istəyiriksə, bu 10 xasiyyət və davranışdan uzaq duraq…”

Şeytan hansı halda insanı yaltağa çevirir?..
 
“Şeytan insanı mebel, geyim və zinət əşyaları toplamağa həvəsləndirir ki, onlar mümkün qədər çox vaxtlarını sevimli əşyalara sərf etsinlər. Əgər belə bir zəiflik bir dəfə də olsa, özünü göstərərsə, insan ömürlük öz malının köləsinə çevrilə bilər…”
 
-CÜMƏ BƏHSLƏRİ-…
 
Bu anlarda hamımız aydın görürük ki, yaşadığımız dünyada vəziyyət bütün mənalarda gərginləşməkdədir: həm iqtisadi-sosial, həm siyasi, həm hərbi, həm ckriminal, həm mədəni, həm də mənəvi-əxlaqi baxımdan… Bu gün planetdə insanların çoxu maddi cəhətdən kasıb olmaqdan və ac qalmaqdan qorxur. Yəni əksəriyyət yalnız mədəsini, şəhvətini doyuzdurmaq üçün çalışır. Və bu arada mənəviyyatımız,  əxlaqımızla yanaşı, ruhumuz da yaddan çıxır, diqqətdən kənarda qalır. Çoxumuzun mədəsi dolu olduğu halda ruhu nəinki günlərlə, aylarla, illərlə ac qalır. Məhz bunun nəticəsində dünya idarəçiliyimizi ruhən ac, amma maddi cəhətdən tox, fəqət tamahkar məxluqlar ələ keçirir. Biz ruhən ac olduqca Şeytanın dilədiyi və təbii ki, Allaha zidd xasiyyətlərə yiyələnir, belə davranışlara aludə oluruq. Əksəriyyət Şeytana xas əxlaqa malik olduqda isə, sözsüz ki, ən sıravi, ən yoxsul insanlardan tutmuş ən yüksək  vəzifəli və var-dövlətli insanlaradək  maddi nemətlər uğrunda əsil didişmə başlayır. Və məhz bu səbəbdən planetdə nəinki gündən-günə, saatbasaat müxtəlif səpkili cinayətlər, xüsusən də hər cür əxlaqsızlıq, oğurluqlar, qətllər, rüşvətxorluq, korrupsiya, saxtakarlıq, dələduzluq və s. halları çoxalır. Deməli, çıxış yolu Yerin, hər bir ölkənin, şəhərin, kəndin, küçənin, dalanın, məhlənin hər bir sakininin, hər bir tayfanın, ailənin hər bir üzvünün Şeytana xas, Allaha zidd xüsusiyyətlərdən mümkün qədər uzaq durmasındadır… 
 
Sizə təqdim edəcəyimiz “İslam Today” nəşrində dərc edilmiş "Şeytanın möminin qəlbinə nüfuz etməsinin 10 yolu" adlı aşağıdakı məqalədə Şeytanın insan qəlbini zəbt etməsinə və deməli, dünyamızda hər cür şərin, pisliyin, gərginliyin, qətliam və müharibələrin artmasına bilavasitə şərait yaradan 10 xasiyyət və davranışdan bəhs edilir və onlardan maksimum uzaq durmağımız tövsiyə olunur:
 
“İnsan qəlbi bir qala kimidir. Şeytan isə sizin qalanızı ələ keçirməyə çalışan bir düşməndir. Bu qalanı yalnız onu müdafiə etmək və qorumaqla təhlükəsiz etmək olar. Bundan əlavə, düşməninizi yaxşı tanımaq vacibdir; bu, Şeytanı məğlub etməyin və özünüzü onun təhriklərindən qorumağın yeganə yoludur.
 
Peyğəmbər (s.a.v.) hədislərindən birində buyurmuşdur: 
 
“Şeytan mütləq öz xortumunu insanın qəlbinə bağlayacaq. Əgər insan Allahı xatırlayarsa, zikr edərsə, Şeytan dərhal onu tərk edəcək. Əgər o, unudarsa və xatırlamazsa, Şeytan onun qəlbini şübhə ilə dolduracaq.” (Müsnəd- i Əbu Yəla)
 
Bu məqalədə Şeytanın qəlblərimizə nüfuz etməsinin 10 yolunu araşdıracağıq.
 
1. Qəzəb. 
 
Qəzəb zamanı Şeytan qan damarları vasitəsilə bütün bədənə yayılır. Peyğəmbər (s.a.s) buyurur: “Qəzəb şeytandandır. Şeytan oddan yaradılmışdır. Odu söndürə bilən şey sudur.  Ona görə də əgər sizdən hər hansı biri qəzəbləndisə, dəstəmaz alsın.” (Əbu Davud)
 
2. Dünya işlərinə həddindən artıq diqqət yetirmək. 
 
Möminlərin Allaha olan vəzifələri ilə başqalarına olan vəzifələri arasında tarazlığı qorumaları vacibdir. Dünya həyatı çətin bir sınaqdır. Ailə, uşaqlar, iş - bütün bunlar müvəqqətidir. Dünyəvi və mənəvi arasında düzgün tarazlığı qorumaqla möminlər Yaradana daha yaxınlaşır və mənəvi cəhətdən inkişaf edirlər...
 
3. Şəhvət. 
 
“Sizə haram olan qadının yanında oturmayın! Çünki mən onun sizə elçisi olacağam! Mən onun sizə elçisi olacağam. Sizi fitnəyə sürükləyənə qədər elçi olaraq qalacağam”, - deyə Şeytan bildirir.
 
4. Başqalarına qarşı paxıllıq və düşmənçilik. 
 
Şeytan məhz həsəd və düşmənçilik üzündən peyğəmbər Adəm (əleyhissalam) qarşısında əyilmədi. Buna görə də, həsəd və düşmənçilik şeytanın qəlbinizə hakim olmasının əsas səbəblərindəndir. Bir hədisdə Peyğəmbər (s.a.s) buyurur: "Paxıllıq [paxılın] yaxşı əməllərini odun odunu yandırdığı kimi yandırır" (Əbu Davud).
 
5. Hədsiz toxluq və acgözlük. 
 
Acgözlük şəhvəti artırır. Şəhvət isə Şeytanın ən sevdiyi silahlardan biridir. Acgözlük və  hədsiz toxluq 6 nəticəyə gətirib çıxarır:
 
- Allah qorxusu azalır.
- Bununla başqalarına qarşı şəfqət hissi yox olur.
- Uca Tanrıya ibadət ağırlaşır. 
- İnsan incə şeylərə qarşı həssaslığını itirir və kobudlaşır.
- Tox insanın danışığı adi insanlara təsirini dayandırır.
- Toxluq müxtəlif xəstəliklərin yaranmasına və şiddətlənməsinə səbəb olur. Bir hədisdə Peyğəmbər (s.a.s) buyurur: "İnsan yemək qəbulunu azaltdıqda qəlbi nurla dolur" (Suyuti, Cemul-Cəvami).
 
6. Rahatlığa bağlılıq. 
 
Şeytan insanları mebel, geyim və zinət əşyaları toplamağa həvəsləndirir ki, onlar mümkün qədər çox vaxtlarını sevimli əşyalara sərf etsinlər. Əgər belə bir zəiflik bir dəfə də olsa, özünü göstərərsə, insan ömürlük öz malının köləsinə çevrilə bilər...
 
7. Tamahkarlıq. 
 
Tamahkarlıq insanın qəlbinə daxil olduqda, onu başqalarının malları cəlb etməyə başlayır. Şeytan insana getdikcə daha çox təsir göstərməyə başlayır və onu yaltağa çevirir. Və məqsədlərinə çatmaq üçün insan həm ilahi, həm bəşəri əxlaq və qanun-qaydalardan kənara çıxmağa hazır olur… 
 
İbn Abbasın rəvayət etdiyi hədisə görə, Peyğəmbər (s.a.v.) buyurur: "Əsil zənginlik başqalarının əlində olana tamah salmamaqdadır. Tamahkarlıqdan çəkinin, çünki tamahkarlıq vaxtından əvvəl bədbəxtliyə(söhbət həm bu dünyadakı, həm də Axirətdəki bədbəxtlikdən gedir-S.L.) aparır" (Camius-sagir, 5813).
 
8. Tələskənlik. 
 
Tələskənlik çox vaxt insanın tarazlı və düzgün qərar verməsinə mane olur. Axı, insan tələsəndə Şeytan hiss olunmadan ürəyə nüfuz edir və onu şərlə doldurur. Bir hədisdə Peyğəmbər (s.a.s) buyurur: "Həqiqətən, sizin iki xarakter xüsusiyyətiniz var və bunlar Uca Tanrını razı salan xüsusiyyətlərdir: helm (mülayim təbiət və səbir) və işləri diqqətlə və tələsmədən görmək." (Sünən-i Tirmizi)
 
9. Pul və sərvətə can atmaq. 
 
Əgər bir insan ehtiyac duyduğundan daha çox sərvət əldə edərsə, şeytan mütləq bundan istifadə edəcək. İnsan ölçü, əndazə hissini itirməyə başlayacaq. Pul vasitə deyil, məqsəd olacaq. Və nəticədə insan pulun köləsinə çevriləcək...
 
10. Yoxsulluq qorxusu və xəsislik.
 
Yoxsulluq qorxusu və xəsislik insanın sədəqə verməsinə və yaxşı işlər görməsinə mane olur. Bu halda, Şeytan insanı var-dövlət toplamağa təşviq edir. Yoxsulluq qorxusu şeytanın ən çox yayılmış silahlarından biridir. Əşac bin Qeys Peyğəmbərin (s.a.v.) belə dediyini rəvayət edir: "Səxavət - Cənnətdən yerə enən ağaclardan biridir. Kim onun budaqlarından birinə yapışsa, onunla Cənnətə çata bilər. Xəsislik isə Cəhənnəmdən yerə enən ağaclardan biridir. Kim onun budaqlarından birini tutsa, onunla birlikdə Cəhənnəmin uçurumuna düşər" (Beyhəqi, Şua əl-İman, VII, 435)...”
 
Allah cümləmizi Özünün doğru olan yoluna hidayət etsin!..
 
Sultan Laçın
 
Seçilən
3
moderator.az

1Mənbələr