BAKI, 31 oktyabr. TELEQRAF
BMT-nin beynəlxalq faktaraşdırıcı missiyası İsraillə 12 günlük müharibədən sonra İranda insan haqları vəziyyətinin kəskin şəkildə pisləşməsi ilə bağlı xəbərdarlıq edib.
Teleqraf xəbər verir ki, məlumatda İranda edamların sayının artmasına da diqqət çəkilib.
Missiyanın məlumatına görə, müharibə genişmiqyaslı daxili repressiyalarla müşayiət olunub, vətəndaş cəmiyyətinə qoyulan məhdudiyyətlər artıb, ədalətli məhkəmə prosesi prinsipləri zəiflədilib və yaşamaq hüququnun qorunmasına zidd hərəkətlər baş verib.
BMT missiyası İranda artan edam hallarına diqqət çəkərək bildirib ki, edamların sayı 2015-ci ildən bəri ən yüksək səviyyəyə çatıb.
BMT ekspertləri vurğulayıblar ki, İran rəsmiləri edam hökmləri çıxarmaq və sistematik repressiyalar həyata keçirmək səbəbindən insanlığa qarşı cinayətlər ittihamı ilə üzləşə bilərlər.
Faktaraşdırıcı missiya həmçinin transsərhəd repressiyaların artdığını, o cümlədən xaricdə yaşayan iranlı jurnalistlərin ailələrinin dindirilməsi, təhdid edilməsi və izlənməsi hallarını qeyd edib. Məlumata əsasən, 7 ölkədə 45-dən çox jurnalist İranla bağlı xəbərləri işıqlandırdıqları üçün ciddi təhdidlərlə üzləşiblər.
 
                        