Uşaq və gənclərin inkişafı, regionlarda aparılan seleksiya işləri və milli komandaların beynəlxalq səviyyədə uğurları ölkədə voleybolun inkişafının göstəriciləridir
Azərbaycan voleybolu son illərdə həm ölkədaxili, həm də beynəlxalq səviyyədə diqqətəlayiq uğurlar əldə edib. Milli komandalarımız beynəlxalq yarışlarda ölkəmizi ləyaqətlə təmsil edir, yerli idmançılarımız müxtəlif xarici klublarda çıxış edərək təcrübələrini artırırlar. Eyni zamanda, regionlarda uşaq və gənclərin voleybola cəlb edilməsi istiqamətində sistemli və davamlı işlər aparılır, yeni nəsil idmançıların yetişdirilməsi üçün müasir proqram və layihələr həyata keçirilir. Müxtəlif yaş qruplarında təşkil olunan yarışlar, uşaq və yeniyetmələrə Azərbaycan Voleybol Federasiyası (AVF) tərəfindən yaradılan imkanlar və regionlarda aparılan seleksiya işləri Azərbaycan voleybolunun inkişafında mühüm rol oynayır. Bununla yanaşı, idmançıların beynəlxalq standartlara uyğun hazırlanması, texnoloji yeniliklərin tətbiqi və məşqçilərin peşəkar səviyyədə yetişdirilməsi istiqamətində federasiya ardıcıl tədbirlər görür.
Bu zəngin inkişaf prosesini daha yaxından öyrənmək üçün AVF-nın mətbuat katibi Şəfəq Kərimova ilə müsahibə apardıq. Müsahibimiz federasiyanın fəaliyyəti, uşaq və gənclər voleybolunun inkişafı və milli komandaların beynəlxalq səviyyədə uğurları barədə açıq və diqqət çəkən məlumatları bizimlə bölüşdü.
-Son illərdə Azərbaycan voleybolçularının beynəlxalq və ölkədaxili yarışlarda hansı uğurları qazanıblar və bu nailiyyətlər idmanın bu növünün inkişafını və gənclər arasında marağı necə əks etdirir?
-Voleybol ölkəmizdə hər zaman sevilən idman növlərindən biri olub və bu gün də öz populyarlığını qoruyur. Son illərdə yerli voleybolçularımızın bir qismi müxtəlif xarici klublarda çıxış edərək yüksək nailiyyətlər əldə ediblər. Milli komandalarımız da beynəlxalq yarışlarda ölkəmizi uğurla təmsil edirlər.
Uşaq voleybolunun inkişafı istiqamətində görülən işlərin nəticəsi olaraq artıq iki ildir ki, üç yaş qrupu (U-14, U-16, U-18) üzrə həm qızlar, həm də oğlanlar arasında Azərbaycan Birinciliyi keçirilir. Bu birinciliklərdə iştirak edən komandaların ümumi sayı 150-dən çoxdur. Bundan əlavə, Azərbaycan idmançıları III MDB Oyunlarında - 15 yaşadək qızlardan və 17 yaşadək oğlanlardan ibarət komandalarızın çıxışını qeyd etmək olar.
-Hazırda idmanın bu növünə ölkəmizdə maraq necədir, hansı yaş qrupu üstünlük təşkil edir və voleybola marağın artırılması üçün Federasiya hansı təşəbbüsləri həyata keçirir?
-Yuxarıda qeyd etdiyim kimi, Azərbaycanda voleybola maraq hər zaman yüksək olub. Hazırda Azərbaycan Voleybol Federasiyası bu marağın daha da artırılması üçün həm paytaxtda, həm də regionlarda Regional Voleybol klubları yaradıb. Bu klublarda həm qız, həm də oğlan uşaqları üçün müxtəlif yaş qruplarında məşqlər keçirilir. Təcrübəli məşqçilər uşaqlarla peşəkar şəkildə işləyir, mütəmadi yarış və turnirlər təşkil olunur.Ötən mövsümdən etibarən oğlanlar arasında, yeni mövsümdə isə qızlar arasında “Gənclər” klubu Yüksək Liqada çıxış edir. Bu klubda aşağı yaş qruplarında seçilən və perspektivli idmançılar iştirak edirlər ki, bu da gənclərin peşəkar səviyyədə yetişməsinə böyük imkan yaradır.
-Regionlarda voleybolun inkişafı üçün hansı addımlar atılır və yerli idman məktəbləri ilə əməkdaşlıq necə qurulur?
-Regionlarda yaradılmış Regional Voleybol Klubları uşaqlara peşəkar voleybolun əsaslarını öyrətmək məqsədi daşıyır. AVF tərəfindən bölgələrdə mütəmadi seleksiya işləri aparılır və istedadlı uşaqlar müəyyən olunur. Məktəblərlə sıx əməkdaşlıq həyata keçirilir, seçimlərin əksəriyyəti məhz məktəblilər arasında aparılır. Bu da uşaq və yeniyetmələrin idmana yönəlməsini təşviq edir.
-Uşaq və yeniyetmələrin hazırlanması və beynəlxalq arenada uğurlu çıxışları üçün hansı yeni proqram və layihələr həyata keçirilir?
-Uşaq və yeniyetmələrin inkişafı üçün müxtəlif proqram və layihələr həyata keçirilir. Bu layihələrdə əsas məqsəd gənc idmançıların fiziki və texniki hazırlığının təkmilləşdirilməsi, beynəlxalq qaydalarla tanış olmaları və oyun təcrübələrinin artırılmasıdır.
-Beynəlxalq yarışlarda nəticələri yaxşılaşdırmaq məqsədilə məşq, seleksiya və məşqçi hazırlığı sistemində hansı yeniliklər tətbiq olunur?
-Hər bir yarışdan sonra nəticələr ətraflı təhlil olunur, komandaların fəaliyyətindəki çatışmazlıqlar müzakirə edilir və onların aradan qaldırılması üçün konkret tədbirlər görülür. Bu proseslər həm idmançıların, həm də məşqçilərin inkişafına şərait yaradır.
-Xarici federasiyalarla təcrübə mübadiləsi hansı qaydada aparılır və bu əməkdaşlıq idmançılarımızın inkişafına necə təsir göstərir?
-Azərbaycan Voleybol Federasiyası bir sıra xarici federasiyalarla əməkdaşlıq müqavilələri imzalayıb. Bu əməkdaşlıqlar çərçivəsində birgə təlim-məşq toplanışları və təcrübə mübadilələri həyata keçirilir. Belə əməkdaşlıqlar idmançılarımızın oyun təcrübəsini artırır, onların beynəlxalq səviyyədə daha peşəkar çıxış etməsinə imkan yaradır.
-Qızlar və qadınların voleybol ilə məşğul olmalarına marağı artırmaq üçün hansı təşviq mexanizmləri və sosial layihələr həyata keçirilir?
-AVF qadın voleyboluna marağın artırılması üçün bir sıra sosial layihələr və maarifləndirici təşəbbüslər həyata keçirməyi planlaşdırır. Məqsəd məktəblərdə və regionlarda qız uşaqları arasında voleybola marağı artırmaq, onların idmana cəlb edilməsini təşviq etməkdir.
-Qarşıdakı illər üçün Azərbaycan Voleybol Federasiyasının əsas strateji hədəfləri hansılardır?
-Azərbaycan Voleybol Federasiyasının əsas məqsədlərindən biri uşaq və gənclər voleybolunun inkişafını təmin etmək və milli komandalarımız üçün yeni nəsil idmançılar yetişdirməkdir. 2026-cı ildə ölkəmiz qadın voleybolçular arasında Avropa Çempionatının C qrupunun oyunlarına ikinci dəfə ev sahibliyi edəcək. Azərbaycan 2017-ci ildə də bu yarışa ev sahibliyi etmiş və milli komandamız 4-cü yeri tutmuşdur. Gələcək strategiyada həm beynəlxalq səviyyədə uğurlu çıxışlar, həm də ölkə daxilində voleybolun kütləviliyinin artırılması əsas prioritetlərdəndir.
Azərbaycan voleybolu regionlardan başlayaraq milli komandaların beynəlxalq arenadakı uğurlarına qədər strateji inkişaf yolunu davam etdirir. Gənc idmançıların yetişdirilməsi, texnoloji yeniliklərin tətbiqi və federasiyanın planlı fəaliyyəti sayəsində ölkəmiz 2026-cı ildə keçiriləcək beynəlxalq yarışlarda layiqincə təmsil olunacaq və Azərbaycan voleybolunun yüksəlişini bir daha nümayiş etdirəcək.
Yaqut Ağaşahqızı, “İki sahil”
 
                        