AZ

Slovakiya Aİ Şurasında səsvermə hüququndan məhrum edilə bilər

Niderland parlamenti Bratislavanın konstitusiya dəyişikliklərinə görə Avropa İttifaqı müqaviləsinin 7-ci maddəsi üzrə intizam prosedurunun başlanmasını təklif edib...

Poliqon xəbər verir ki, VSquare portalının Avropa İttifaqındakı diplomatik mənbələrə istinadən verdiyi məlumata görə, Niderland hökuməti Slovakiyaya qarşı Avropa İttifaqı Müqaviləsinin 7-ci maddəsi üzrə intizam mexanizmini işə salmağı nəzərdən keçirir. Bu prosedur ən ağır halda üzv dövlətin Avropa İttifaqı Şurasında səsvermə hüququnun dayandırılmasını nəzərdə tutur.

Sözügedən təşəbbüs Slovakiya parlamentinin sentyabr ayında qəbul etdiyi konstitusiya dəyişikliklərinə reaksiya olaraq gündəmə gəlib. Dəyişikliklərdə “yalnız iki cinsin, kişi və qadın mövcudluğu” konstitusion norma kimi təsbit edilib.

Niderland parlamenti 16 oktyabrda qəbul etdiyi qətnamədə hökuməti Slovakiyanın bu addımına cavab verməyə çağırıb. Deputatlar hesab edirlər ki, Bratislavanın qərarı LGBT icmasının hüquqlarını məhdudlaşdırır və Avropa qanunvericiliyinə ziddir.

VSquare yazır ki, hazırda Haaqa hökuməti digər Aİ üzv dövlətlərinin bu təşəbbüsə dəstək verməyə hazır olub-olmadığını qeyri-rəsmi şəkildə araşdırır. Bununla yanaşı, Niderland istəyir ki, ilk addımı Avropa Komissiyası atsın və məsələni Avropa Ədalət Məhkəməsinə çıxararaq “Avropa hüququnun pozulması” ilə bağlı iş qaldırsın.

Bu hadisə Slovakiyada son aylarda qəbul edilən sosial və konstitusion qanunların Avropa İttifaqı dəyərləri ilə toqquşması fonunda Aİ daxilində dərin ideoloji parçalanmanın yeni nümunəsi kimi qiymətləndirilir.

Poliqon.info

Seçilən
17
poliqon.info

1Mənbələr