Hüquq və İnsan Haqları İnstitutunda “İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyi tərəfindən icra olunan “Qərbi Azərbaycan İrsi” layihəsinin yekun tədbirdə tarix üzrə fəlsəfə doktoru, Dövlət mükafatı laureatı Nazim Mustafa çıxış edərək layihənin əhəmiyyətini və bu kimi təşəbbüslərin düzgün istiqamətləndirilməsinin vacibliyini vurğulayıb.
QHT.az xəbər verir ki, Nazim Mustafa qeyd edib ki, belə tədbirlərdə əsas məqsəd konkret mövzu üzərində işləmək və real elmi nəticələr təqdim etmək olmalıdır:
“Sadəcə olaraq bəzən çağırırlar, deyirlər ki, nə istəyirsən danış. Belə olmaz. Burda konkretlik var. Məsələn, mənə məscidlər mövzusu verildi, mən də məscidlər barədə danışdım. Bu bizim xidmətimizdir, kifayət qədər yazılarımız, kitablarımız var. Məsələn, mənim "İrəvan şəhəri’"kitabımdan 20 ayrı mövzu çıxarmaq olar. Onun hər bölməsi ayrıca bir filmin mövzusu ola bilər.”
Tarixçi alim həmçinin bildirib ki, layihə çərçivəsində görülən işlər real elmi araşdırmalara əsaslanmalıdır:
“Köçürmə materiallara əsaslanmaq olmaz. Təəssüf ki, bəzən başqalarının hazırladığı materiallardan istifadə edib, müəllifin adını çəkmədən yeni mətnlər buraxırlar. Burada isə konkret iş var, "İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyi mövzunu dəqiq müəyyən edib, biz də bildiklərimizi auditoriyaya çatdırdıq.”
Sonda Nazim Mustafa layihənin icraçısı Cəsarət Hüseynzadəyə təşəkkür edərək qeyd edib ki, bu cür sistemli və konkret yanaşma QHT-lərin fəaliyyətinə təsirli və davamlı nəticə qazandırır.
Qeyd edək ki, “İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyi tərəfindən icra olunan “Qərbi Azərbaycan İrsi” layihəsi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilib.
 
                        