BAKI, 31 oktyabr. TELEQRAF
Tarixdə baş verənləri gizlətmək mümkünsüzdür. Belçikanın müstəmləkəçilik dövrü və həmin illərdə baş verən faciələr insanlığın yaddaşından silinə bilməz.
Teleqraf xəbər verir ki, bu barədə Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov oktyabrın 31-də Bakıda keçirilən “Belçika Müstəmləkəçiliyi: Tanınma və Məsuliyyət” adlı beynəlxalq konfransda çıxışı zamanı bildirib.
A.Abbasov qeyd edib ki, Belçikanın müstəmləkə dövründə insan hüquqlarının kobud şəkildə tapdanması, bəşəriyyətə qarşı cinayətlər və Mərkəzi Afrika ölkələrinin yaşadığı faciələr dünya ictimaiyyətinə yaxşı məlumdur: “Bu faktların üstünü örtmək mümkün deyil. İnanırıq ki, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) dəstəyi və beynəlxalq tərəfdaşlarla birgə səylər nəticəsində əməkdaşlıq və kompensasiya məsələlərini beynəlxalq təşkilatların gündəminə çıxaracağıq. Açığı, bu gün də Belçikanın müstəmləkə siyasətini müdafiə edənləri necə izah edəcəyimi bilmirəm. Onlar kompensasiya və təzminat mövzusunun qlobal diqqətə çıxarılmasının qarşısını almağa çalışırlar. Amma biz bu məsələlərin beynəlxalq müzakirələrdə yer almasına nail olacağıq”.
 
                        