Əmək Məcəlləsinin 249-cu - “İşə qəbul zamanı yol verilən yaş həddi” adlı maddəsinin 1-ci hissəsində qeyd edilir ki, yaşı 15-dən az olan şəxslərin işə qəbuluna yol verilmir. Həmçinin, həmin Məcəllənin 46-cı maddəsinə əsasən, əmək müqaviləsi 15 yaşına çatmış fiziki şəxslərlə bağlanıla bilər. Bəs Mərkəzləşdirilmiş elektron informasiya sistemi olan ƏMAS altsistemində yaşı 18-dən az olan şəxslərin işə qəbulu ilə bağlı hansı yanaşmalar tətbiq edilir?
“vergiler.az”ın sualına iqtisadçı ekspert Anar Bayramov aydınlıq gətirir. 
  
İşəgötürən tərəfindən ƏMAS altsisteminə əmək müqaviləsinin imzalanması üçün 15 yaşdan aşağı şəxslə bağlı məlumatı (FİN-i) daxil etdikdə həmin şəxs üzrə məlumatlar əks olunsa da növbəti mərhələyə keçid zamanı “Əmək qanunvericiliyinə əsasən, 15 yaşdan aşağı olan şəxslərlə əmək müqaviləsi bağlanıla bilməz” - yazılı bildiriş çıxır.
Əmək Məcələsinin 46-ci maddəsinin 4-cü hissəsinə əsasən, 15 yaşından 18 yaşınadək olan şəxslərlə əmək müqaviləsi bağlanarkən onların valideynlərindən və ya övladlığa götürənlərdən (qəyyumlarından) birinin və yaxud qanunla onları əvəz edən şəxslərin yazılı razılığı alınmalıdır. Bu səbəbdən də işəgötürən tərəfindən ƏMAS altsistemində 15 yaşından 18 yaşınadək olan şəxslə əmək müqaviləsi bağladıqda, digərlərindən fərqli olaraq, yeni bölmə aktiv olur. ƏMAS altstemində açılan yeni bölmədə işə qəbul ediləcək şəxsin valideyninin və ya övladlığa götürənlərdən (qəyyumlarından) birinin və yaxud qanunla onları əvəz edən şəxsin yazılı razılığını təsdiq edən sənədin yüklənməsi mütləq tələb kimi qeyd edilir.
ƏMAS altsistemində növbəti tələb isə 18 yaşdan aşağı şəxslərin əmək məzuniyyəti günlərinin qeyd edilməsi ilə bağlıdır. Əmək Məcəlləsinin 119-cu maddəsinə əsasən, yaşı 16-dan az olan işçilərə əmək məzuniyyəti 42 təqvim günündən, 16 yaşından 18 yaşınadək işçilərə isə 35 təqvim günündən az olmayaraq verilir. Dövlət qurumu tərəfindən son dövrlərdə ƏMAS altsisteminə edilmiş dəyişiklik nəticəsində həmin kateqoriyaya aid işçilər üzrə aşağı (21, 30 və s.) günlərin qeyd olunmasına məhdudiyyət tətbiq edilib.
Beləliklə, ƏMAS altsistemində bu kateqoriyadan olan şəxslərlə elektron sənəd formasında bağlanılan əmək müqavilələrində bu məhdudiyyətlər mövcuddur: 15 yaşdan aşağı olan şəxslərlə əmək müqaviləsi bağlanılmasına icazə verilmir; 15 yaşından 18 yaşınadək olan şəxslərlə əmək müqaviləsi bağlanarkən mütləq olaraq valideynlərin və ya qəyyumun razılığı ərizəsi yüklənilməlidir; yaşı 16-dan az olan işçilərə 42 təqvim günü, 16 yaşından 18 yaşınadək işçilərə isə 35 təqvim günündən az müddətə məzuniyyət günlərinin qeyd edilməsi.
1x_1.jpg) 
                        