İllərdir davam edən məhkəmə çəkişmələrindən və uğursuz danışıqlardan sonra “Real Madrid” və “A22 Sports Management” şirkəti UEFA-dan təzminat tələb etməyə hazırlaşır.    Metbuat.az xəbər verir ki, təzminatın məbləği 4,5 milyard avro dəyərindədir. Məlumata görə, “Real” və Avropa Super Liqasının arxasında duran “A22 Sports Management” şirkəti Madrid məhkəməsinin qərarında sonra belə həmlə etməyə başlayıb. Qeyd edək ki, Madrid məhkəməsi UEFA-nın apelyasiya şikayətini rədd edən və idarəetmə orqanının "Avropa Birliyinin azad rəqabət qaydalarını ciddi şəkildə pozduğunu" təsdiqləyən “Real” və “A22”nin xeyrinə qərar verib. AS qəzetinin məlumatına görə, 4,5 milyard avro rəqəm itirilmiş mənfəəti, nüfuza dəyən ziyanı və UEFA-nın iddia edilən inhisarçılığının yaratdığı rəqabət zərərini təmsil edir. “Real” hesab edir ki, klubun xeyrinə qərar verilərsə, UEFA-nın qanunsuz maneələri səbəbindən itirdikləri milyardlarla avronu geri ala biləcəklər. Bu hüquqi gərginliyin əsası 2021-ci ilə gedib çıxır. Həmin il “Real Madrid”, “Barselona”, “Mançester Yunayted” və “Juventus” da daxil olmaqla Avropanın 12 elit klubu “Super Liqa”nın yaradıldığını elan etmişdi. UEFA Çempionlar Liqasına rəqib kimi hazırlanmış bu liqa həm kişilər, həm də qadınlar üçün daha yüksək gəlir və elit yarışlar üçün yeni bir model vəd etmişdi. Lakin, layihə böyük ictimai təzyiq altında iflasa uğradı. Hökumətlər planı tənqid etdilər və UEFA, FİFA-nın dəstəyi ilə ölkə klublarını sərt sanksiyalarla hədələdilər. İngiltərənin "Böyük altılıq" klubları layihədən geri çəkildi. “Real Madrid” və “Barselona” tək qalsa da geri çəkilmədilər.