AZ

Hüseynbəylidə qəribə hadisə Qəbiristanlıqda ağac əkmək istədilər...

ain.az bildirir, Qafqazinfo portalına istinadən.

Qazax rayonu Hüseynbəyli kəndinin sakinləri öz doğmalarının məzarını ziyarət etmək üçün qəbiristanlığa üz tutanda qəribə halla rastlaşıblar. 

Bu barədə “Qafqazinfo”ya vətəndaşlar Gülsüm Axundova və Aynur Əhmədova şikayət ediblər. Onların sözlərinə görə, bir neçə kənd sakini qəbiristanlıqda ağac əkmək istəyib. Qəbrin yanında isə şikayətçilərə də məxsus fotolardan düzəldilmiş bir neçə cadu tapılıb. 

G.Axundova və A.Əhmədova iddia edir ki, onların fotoları icazəsiz çəkilib. Qadınlar deyir ki, kimliyi onlara məlum olan şəxs çəkdiyi fotolardan cadu məqsədilə istifadə edir, onları qəbiristanlıqda basdırır. Kənd sakinləri əməli törədən şəxs barəsində polisə şikayət ediblər: “Həmin qadın dövlət qurumlarından birində işləyən oğlu ilə birgə bizim və ailə üzvlərimizin, eləcə də kənddə yaşayan bir neçə digər vəzifəli şəxsin şəkillərini icazəsiz çəkərək və ya əldə edərək qəbiristanlıqda basdırıb. Bu qadın artıq neçə vaxtdır kənddə at oynadır”.

Şikayətçilərin iddiasına əsasən, həmin şəxs yaşadıqları evin ətrafında 6 sot torpağı da icazəsiz zəbt edib: “Bu azmış kimi, bizim həyətyanı torpaqda da dədə-babadan çəkdiyimiz hasarı dağıdaraq 1 sota qədər torpağımızı tutub. Bir neçə gün əvvəl kənd sakinləri öz əzizlərinin üstünə qəbiristanlığa gedəndə ağac əkmək istəyiblər. Qəbrin yanında bir neçə bankada bu qadın tərəfindən çəkilmiş, kənd sakinlərinə və bizim ailəyə məxsus şəkillərin oraya basdırıldığını aşkarlayıblar”.

Qadınlar bildiriblər ki, həmin şəxs fotoların bəzilərini 2023-cü ildə onlara məxsus həyətdə icazəsiz olaraq lentə alıb: “Biz bununla bağlı Qazax Rayon Polis Şöbəsinə müraciət etmişik. Ümid edirik ki, tədbir görüləcək”.

Əldə etdiyimiz məlumata əsasən, daxil olmuş müraciət əsasında Qazax Rayon Polis Şöbəsində təhqiqat araşdırması aparılır.

Qeyd edək ki, qanunvericilikdə vətəndaşların bir-birinə cadu və ya bu qəbildən hər hansı əməl törətməsi ilə bağlı məsuliyyət nəzərdə tutulmur.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
19
6
qafqazinfo.az

7Mənbələr