AZ

İran Rəşt–Astara dəmir yolu üçün torpaq ayrılmasını 2026-cı ilin martına qədər tamamlayacaq

İran 2026-cı ilin martına qədər Rəşt–Astara dəmir yolu xəttinin tikintisi üçün torpaq sahələrinin ayrılmasını başa çatdıracaq. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri, Xəzər dənizi üzrə çoxtərəfli danışıqlarda Rusiya nümayəndə heyətinin rəhbəri Nikolay Udoviçenko III Beynəlxalq Xəzər Rəqəmsal Forumu çərçivəsində TASS-a bildirib.

Diplomat qeyd edib ki, Rusiya, Azərbaycan və İran nümayəndələrinin iştirakı ilə keçirilən son üçtərəfli görüşdə sərhəd keçidləri, dəmir yolu infrastrukturu və Rəşt–Astara xəttinin inkişafı müzakirə olunub.


“İran tərəfi bu tikinti üçün torpaqların təhvil verilməsini gələn ilin martına qədər tamamlamağı öhdəsinə götürüb. Bu, transsərhəd dəhlizin reallaşmasına doğru mühüm addım olacaq,” – Udoviçenko deyib.

O əlavə edib ki, yaxın aylarda tərəflər gömrük və nəqliyyat xidmətləri arasında koordinasiyanı gücləndirmək, həmçinin “vahid logistik operator”un yaradılması barədə razılığa gəlməyə çalışacaq.


Rəşt–Astara dəmir yolu xətti Şimal–Cənub beynəlxalq nəqliyyat dəhlizinin əsas hissəsini təşkil edir. 162 kilometrlik bu xətt İranın Rəşt şəhərini Azərbaycan sərhədində yerləşən Astara ilə birləşdirəcək və Hind okeanından Rusiya və Avropaya qədər yüklərin daşınmasını asanlaşdıracaq.
2023-cü ilin mayında Rusiya və İran bu layihənin maliyyələşdirilməsi üçün 1,6 milyard dollarlıq saziş imzalayıb. Layihə tam başa çatdıqdan sonra dəhliz üzrə illik yük dövriyyəsinin 15–20 milyon ton səviyyəsinə çatdırılması planlaşdırılır.

Gülnar Nazimqızı 

Seçilən
9
anews.az

1Mənbələr