AZ

Asiya regionu üzrə 15 ən yaxşıdan biri

Son dövrlər qeyri-neft-qaz sektorunda istehsalın həcmi sürətlə artır. Bu da ölkə üçün ixracda əlavə imkanlar yaradır. İxracda qeyri neft-qaz sənayesi və kənd təsərrüfatı məhsulları üstünlük təşkil edir. Statistik rəqəmlər göstərir ki, istehsalın həcmi ilə yanaşı, ixracın dəyəri də artır. Üstəlik xarici bazara çıxarılan məhsulların çeşidinin çoxalması ixracın coğrafiyasını da genişləndirir.

Sözsüz, bu irəliləyişdə ölkədə icra edilən iqtisadi islahatlar önəmli rol oynayır. Dövlət bu sahəyə investisiya qoyan sahibkarlara çoxlu güzəştlər edir. Qanunvericilik bazasının təkmilləşdirilməsi isə onlara hüquqi zəmanət verir. Bu üzdən son illər yerli və xarici sahibkarlar daha çox qeyri-neft-qaz sektoruna investisiya yatırır.

Məlum olduğu kimi, iri şirkətlərin xarici bazara çıxması və özünə müştəri tapması imkanları kiçik biznes sahiblərindən üstündür. Dövlət bu sahədə KOB-ların beynəlxalq bazara çıxmasına dəstək məqsədi ilə "Azexport"u yaradıb. Bu qurum sahibkarlara hüquqi yardım və xarici bazara çıxıb məhsullarını müştərilərə münasib qiymətə satmaq üçün dəstək göstərir. "Azexport" portalı xarici bazarda baş verən prosesləri dərindən təhlil edir və sahibkarlara məhsulunun satılmasında yardım göstərir. Son dövrlər KOB-ların xarici bazara çıxmasında və qeyri-neft-qaz sektorunda ixracın artmasında bu qurumun xidmətləri böyükdür.

Dünya Bankı isə Azərbaycana işgüzar mühitin yaxşılaşdırılmasına və özəl investisiyaların cəlb edilməsinə yönəlmiş islahatları aktivləşdirməyi tövsiyə edir. Bankın ekspertlərinin fikrincə, Azərbaycan hökuməti özəl sektoru dəstəkləmək məqsədilə davamlı səylər göstərir. Analitiklər hesab edirlər ki, dövlət-özəl sektor arasında daha müntəzəm məsləhətləşmələr özəl sektorun investisiyalarına mane olan problemlərin həlli üçün əsas olacaq.

"Azexport" portalının göstərdiyi xidmətlər xarici bank və maliyyə qurumları tərəfindən yüksək qiymətləndirilir. Dünya Bankı bununla bağlı hazırladığı hesabatda vurğulayır ki, "Azexport" portalı və digər aidiyyəti qurumlar tərəfindən təqdim olunan xidmətləri genişləndirmək və daha yaxşı istiqamətləndirmək yolu ilə KOB-ların daxili və beynəlxalq bazarlara çıxışı üçün institusional dəstək gücləndirilməlidir.

Hesabata əsasən, biznes və investisiya mühiti islahatlarını təşviq etmək məqsədilə maraqlı tərəflər (dövlət və özəl) prosesə cəlb edilməli, institusional və qanunverici dəstəyin effektivliyi artırılmalıdır. Bundan əlavə, Dünya Bankı son illərdə aparılan hüquq və məhkəmə islahatlarını davam etdirməyi, əqli mülkiyyət hüquqları ilə bağlı mexanizmlərin təkmilləşdirilməsi üçün əlavə səyləri sınaqdan keçirməyi tövsiyə edir.

Asiya İnkişaf Bankı (ADB), Asiya İnkişaf Bankı İnstitutu (ADBI) və BMT-nin Asiya və Sakit okean üçün İqtisadi və Sosial Komissiyasının (ESCAP) birgə əməkdaşlığı ilə Yaponiyanın paytaxtı Tokioda  "Asiya Beyin Mərkəzləri Şəbəkə Forumu 2025" (Asian Think Tank Network Forum 2025) keçirilib. "Rəqəmsal və elektron ticarət vasitəsilə əlçatanlığın və inklüzivliyin təmin edilməsi" mövzusunda təşkil edilən forumda İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktorunun müavini Ramil Hüseyn "Azexport" portalının fəaliyyəti barədə geniş təqdimatla çıxış edib.

Ramil Hüseynin və portalın rəhbəri Ayxan Qədəşovun hazırladığı "Hökumət iqtisadi artımı sürətləndirmək üçün rəqəmsal və elektron ticarətdən necə istifadə edir: Azərbaycan nümunəsində" (How Government Leverages Digital Trade and E-Commerce to Boost Economic Growth: A Case Study from Azerbaijan) mövzusundakı  təqdimat  "Asiya Beyin Mərkəzləri Şəbəkə Forumu 2025" təşkilatçıları tərəfindən Asiya regionu üzrə 15 ən yaxşı nümunədən biri seçilib.

Onu da qeyd edək ki,  Prezident İlham Əliyevin sərəncamı ilə 2016-cı ildə yaradılan "Azexport" portalı indiyədək dünyanın 150-dən artıq ölkəsindən müxtəlif kateqoriyalar üzrə ixrac sifarişi qəbul edərək yerli sahibkarlara yönləndirib. Forumda R.Hüseyn portalın "Mtradeverse" şirkəti ilə birgə həyata keçirdiyi Rəqəmsal Sərgi Zalı layihəsi barədə də məlumat verərək bu layihənin Azərbaycan məhsullarının beynəlxalq bazarlarda təqdimatını asanlaşdırdığını vurğulayıb.

Rüstəm KAMAL,

"Azərbaycan"

Seçilən
40
azerbaijan-news.az

1Mənbələr