AZ

Dünya enerji keçidi məsələlərini müzakirə etmək üçün yenə Bakıya toplaşdı

Bakıda keçirilən 13-cü Beynəlxalq "Caspian Energy Forum"unda biznes, hökumət və diplomatik missiya nümayəndələri bir araya gələrək regionun qlobal enerji keçidindəki rolunu müzakirə etdilər. Budəfəki forum da Xəzər, Qara dəniz və Baltik regionlarının enerji sektorunun əsas hadisələrindən birinə çevrildi.

Forumda enerji, qaz, logistika və infrastruktur sahələrinin liderləri ilə yanaşı, beynəlxalq maliyyə institutlarının və investisiya fondlarının nümayəndələri, iri biznes qurumlarının rəhbərləri, diplomatik korpusların və dövlət strukturlarının rəsmi şəxsləri də iştirak etdilər.

Əvvəla qeyd edək ki, dünyanın 50 ölkəsindəki "Caspian Energy Forum" ticarət nişanı "Caspian Energy Club"a məxsusdur. "Caspian Energy Club" bu ölkələrdən 5000-dən çox şirkəti birləşdirən dinamik və inkişaf edən regional təşkilatdır. 

"Biznes-hökumət" dialoqunun fəal iştirakçısı olan "Caspian Energy Club"un əsas məqsədi Azərbaycanda və "Caspian Energy Club"un fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasından, "B2G", "B2B" və "B2C" formatlarında dialoqların stimullaşdırılmasından, onlarda fəal iştirak etməkdən ibarətdir.

"Biznes-networking" üçün beynəlxalq platforma olan "Caspian Energy Club" mütəmadi qaydada müxtəlif tədbirlər təşkil edir. Mənzil-qərargahı Bakıda yerləşən "Caspian Energy Club"un Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, İsrail, Özbəkistan, Gürcüstan və Qazaxıstanda rəsmi nümayəndəlikləri, həmçinin dünyanın müxtəlif ölkələrində səlahiyyətli nümayəndələri var.

Növbəti - 13-cü Beynəlxalq "Caspian Energy Forum"da "Yaşıl enerji dəhlizi"nin inkişafı və neft-qaz sektorunda Azərbaycan, Qazaxıstan, Özbəkistan və Qara dəniz ölkələri arasında strateji əməkdaşlıq ön planda oldu. Tədbirin əsas şüarı olan "#NewEnergyForBusiness" təkcə bərpaolunan enerji və enerji keçidi ilə bağlı deyil, həm də yeni iqtisadi yanaşmalar, innovativ biznes modelləri və regional əməkdaşlıq imkanları ilə əlaqələndirildi. Eləcə də COP29 və COP30 kimi beynəlxalq tədbirlərə hazırlıq kontekstində enerji gündəliyinin formalaşdırılması baxımından strateji əhəmiyyəti, bərpaolunan enerji və qaz layihələrinin tanıdılması, dövlət, biznes və beynəlxalq təşkilatlar arasında dialoqun dərinləşdirilməsi, habelə davamlı enerji sahəsinə investisiyaların təşviqi məsələləri forumun məqsədləri sırasında dayanırdı. Tədbirin əhəmiyyəti panellərdə diqqət mərkəzində olan mövzulardan da aydın görünür. Belə ki, birinci panel "Yaşıl enerjinin istehsalı, ötürülməsi və maliyyələşdirilməsi" adlanırdı. Bu çərçivədə Azərbaycanın "yaşıl enerji" mənbəyi və tranzit ölkəsi kimi potensialı, ESG və dayanıqlılıq sahələrinin inkişafı, milli strategiya və beynəlxalq əməkdaşlıq, sərhədlərarası enerji ötürülməsi və şəbəkə inteqrasiyası məsələlərindən geniş söhbət getdi. Eləcə də Orta dəhliz çərçivəsində "Yaşıl Enerji Dəhlizi" və "Black Sea Submarine Cable" təşəbbüsləri, maliyyə institutlarının "yaşıl enerji" layihələrinə dəstəyi kimi genişmiqyaslı regional təşəbbüslər ön plana çıxarıldı.

Daha bir panel isə "Qaz sektorunun reallıqları və enerji keçidi"nə həsr olunmuşdu. Burada qaz sektorunun enerji keçidindəki rolu və Avropanın təchizat təhlükəsizliyində Azərbaycanın rolu, qaz ixracı infrastrukturunun və imkanlarının genişləndirilməsi, bərpaolunan enerji ilə paralel inkişaf strategiyaları, enerji keçidi dövründə maliyyələşdirilmə çağırışları və modelləri ətrafında müzakirələr aparıldı. 

13-cü Beynəlxalq "Caspian Energy Forum"u bir daha göstərdi ki, bu ənənəvi toplantı müxtəlif ölkələrin dövlət qurumları və özəl sektoru arasında beynəlxalq işgüzar əməkdaşlığın təşkili, biznes sektorunun qorunması və inkişafı üçün yerli təşəbbüslərin öyrənilməsi üçün yaradılmış unikal imkanlar təqdim edən networking platformasıdır.

"Caspian Energy Forum" çərçivəsində neft-qaz və qeyri-neft sektorlarını təmsil edən iri, orta və kiçik şirkətlərin top menecerləri dialoq və sıx əməkdaşlıq qurmaq imkanına sahibdirlər. Forumda iştirak edən nüfuzlu spikerlər, region ölkələrinin dövlət strukturlarının rəhbərləri və regionda fəaliyyət göstərən və ya işləmək niyyətində olan şirkətlərin rəhbərləri ilə təmsil olunan klub üzvləri forum çərçivəsində qarşıya qoyulan mühüm məqsədləri tam şəkildə həyata keçirməyə qadirdirlər.

Flora SADIQLI,

"Azərbaycan"

Seçilən
25
azerbaijan-news.az

1Mənbələr