Bakı, 31 oktyabr, AZƏRTAC
Tacikistanda “Hərbi mükəlləfiyyət və hərbi xidmət haqqında” qanuna dəyişikliklər edilib. Yeni dəyişikliklərə əsasən, bundan sonra məktəb müəllimləri öz peşə fəaliyyəti dövründə icbari hərbi xidmətdən tam azad olunurlar. Əvvəllər bu güzəşt yalnız kənd müəllimlərinə şamil edilirdi. Dəyişikliklər Tacikistan Respublikası Ali Məclisi Nümayəndələr Palatası tərəfindən təsdiqlənib. Onların qüvvəyə minməsi üçün sənəd Milli Məclis tərəfindən təsdiqlənməli, prezident tərəfindən imzalanmalı və rəsmi mətbuatda dərc edilməlidir.
AZƏRTAC “Asiya-Plus” agentliyinə istinadən bildirir ki, təhsil və elm nazirinin rəhbərinin birinci müavini Xomid Xoşimzoda oktyabrın 15-də keçirilmiş parlamentin iclasında qanuna dəyişiklik layihəsini təqdim edib. O qeyd edib ki, bu dəyişikliklər müəllimin statusunu yüksəltmək və təhsil müəssisələrində müəllim çatışmazlığını aradan qaldırmaq məqsədi daşıyır.
“Müəllimin statusu haqqında” qanun layihəsinin 5-ci maddəsinin 11-ci bəndində aşağıdakı norma nəzərdə tutulur: ‘Pedaqoji fəaliyyət dövründə məcburi hərbi xidmətin təxirə salınması’”, – deyə Xoşimzoda bildirib.
O, həmçinin qeyd edib ki, normativ-hüquqi aktları uyğunlaşdırmaq məqsədilə “Hərbi mükəlləfiyyət və hərbi xidmət haqqında” qanunun 31-ci maddəsinin 4-cü bəndinin ikinci hissəsindəki “ümumtəhsil kənd məktəbləri” ifadəsi “ümumtəhsil məktəbləri” ifadəsi ilə əvəz edilməlidir.
İndiyədək qanunvericilik yalnız ali pedaqoji təhsilə malik və kənd məktəblərində çalışan müəllimləri hərbi xidmətdən azad edirdi. İndi isə dəyişikliklər qüvvəyə mindikdən sonra bu güzəşt işlədikləri yerindən asılı olmayaraq, bütün müəllimlərə şamil olunacaq.
Qeyd edilməlidir ki, Tacikistan məktəblərində müəllim çatışmazlığı son illərin ən kəskin problemlərindən biri olaraq qalır. Ölkənin təhsil və elm naziri Rahim Saidzodanın sözlərinə görə, cari ildə 13 min tələbənin pedaqoji ixtisaslar üzrə ali təhsil müəssisələrini bitirməsinə baxmayaraq, 2025/2026-cı tədris ilinin əvvəlində ölkə məktəblərində 3800-dən çox müəllim çatışmırdı.
 
                        