AZ

Pekin: G7 qlobal ticarəti “dar çevrənin qaydaları” ilə məhv etməməlidir...

Çin XİN G7 ölkələrini beynəlxalq iqtisadi prinsiplərə əməl etməyə və qlobal bazarı siyasi alətə çevirməməyə çağırıb...

Çin Xarici İşlər Nazirliyinin rəsmisi Qo Cziakun G7 ölkələrinə beynəlxalq ticarət və iqtisadi qaydalara riayət etmələri barədə çağırış edib.

Poliqon xəbər verir ki, bu barədə məlumatı “Sinxua” Agentliyi yayıb.

Rəsmi açıqlama, G7-nin Çinlə rəqabət aparmaq məqsədilə “əsas faydalı qazıntıların hasilatı üzrə alyans” yaratmaq planları ilə bağlı xəbərlərə cavab olaraq verilib. Qeyd edək ki, Çin dünyadakı nadir torpaq elementlərinin 90 faizindən çoxunu istehsal edir.

“Biz G7 ölkələrini real olaraq bazar iqtisadiyyatının prinsiplərinə əməl etməyə, ‘dar çevrənin qaydaları’ ilə beynəlxalq ticarət-iqtisadi nizamı sarsıtmağa son qoymağa, qlobal iqtisadiyyatın sabit inkişafını birgə təmin etməyə çağırırıq”, deyə Qo Cziakun vurğulayıb.

Diplomat əlavə edib ki, Çin ixrac nəzarəti sistemini standartlaşdırmaq və təkmilləşdirmək istiqamətində addımlar atır. Onun sözlərinə görə, bu tədbirlər beynəlxalq təcrübəyə uyğundur və dünya miqyasında sülhün və regional sabitliyin qorunmasına, eləcə də kütləvi qırğın silahlarının yayılmaması üzrə beynəlxalq öhdəliklərin yerinə yetirilməsinə xidmət edir.

Xatırladaq ki, bundan əvvəl Çin hakimiyyəti ABŞ-ni “dünyada məqsədli şəkildə panika yaratmaqda” ittiham etmişdi. Bu ittiham, Pekinin nadir torpaq elementlərinin və əlaqədar texnologiyaların ixracına əlavə nəzarət tədbirləri tətbiq etməsindən sonra irəli sürülüb. ABŞ tərəfi isə Cənubi Koreyada keçirilən dövlət başçılarının danışıqları zamanı Çin tərəfindən bu elementlərin fasiləsiz tədarükünə nail olmağa çalışırdı. Hazırda belə ixrac əməliyyatlarına nəzarət yalnız bir illik müddət üçün müvəqqəti olaraq yumşaldılıb.

Poliqon.info

Seçilən
14
poliqon.info

1Mənbələr