GlobalInfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Moldova Prezidenti Maya Sandu Rusiyanın növbəti hədəfinin Ermənistan olduğunu iddia edir. Onun fikrincə, Moskva postsovet məkanında və hətta inkişaf etmiş demokratik ölkələrə belə nəzarətini və təsirini qorumağa çalışır.
Sitat: “Rusiya Federasiyası hələ də strategiyasını təkmilləşdirir. Onlar belə nəticələri gözləmirdilər və indi öz planlarına yenidən baxmağa çalışırlar. Onlar seçkilərin keçiriləcəyi başqa ölkələrə diqqət yetirəcəklər. Məsələn, gələn il Ermənistanda seçkilər keçiriləcək və onlar Ermənistanda hökumət üzərində nəzarəti bərqərar etməyə çalışacaqlar”.
Globalinfo.az-a danışan politoloq Zaur İbrahimli deyib ki, Moldova prezidentinin xəbərdarlığı real təcrübəyə əsaslanır:
“2024-cü il 4 noyabrda Maya Sandu çətinliklə prezident seçildi. Həmin ərəfədə Rusiya təbliğatı onun əleyhinə intensiv fəaliyyət göstərdi və seçkinin legitim olmadığı barədə geniş informasiya kampaniyası aparıldı. Buna baxmayaraq, Avropa İttifaqının (Aİ) və cəmiyyətin dəstəyi ilə Sandu qalib gəldi, parlament seçkilərində də Kremlə bağlı qüvvələr məğlub oldu. Hər iki seçkidə Rusiyanın kölgə maliyyələşdirmə sxemləri və oliqarxların nüfuz agentlərinə çevrilməsini göstərən sənədlər toplanıb. Moldova hakimiyyəti bu məsələ ilə bağlı qəti addımlar atır və əlaqəli rus diplomatları ölkədən çıxarılır. Eyni zamanda buradakı təsir agentlərinin geniş şəbəkəsi və daxili siyasi proseslərə müdaxilə barədə ciddi hesabatlar mövcuddur”.
Zaur İbrahimli
Politoloq qeyd edib ki, Moskva növbəti dəfə Ermənistanda, 7 iyun 2026-cı il parlament seçkiləri zamanı qarışıqlıq yarada bilər:
“Kreml Paşinyana qarşı müxalif qüvvələri, eləcə də kilsə ilə müxalifət ittifaqları dəstəkləyir, bəzi şəhərlərdə müxalif merlərlə sıx əməkdaşlıq edir. Bu barədə Ermənistan hüquq-mühafizə orqanlarının ilkin məlumatları var. Rusiya Xarici İşlər naziri Sergey Lavrov da Qərbin Mərkəzi Asiya və Cənubi Qafqazdakı fəaliyyətinə qarşı passiv qalmayacaqlarını bildirib. Kremlin əsas aləti daxili siyasi sabitliyi pozmaq, mərkəzdənqaçma meylləri yaratmaq və xaotik vəziyyətə yol açmaqdır. Bu istiqamətdə texnologiyalar və maliyyə resursları geniş istifadə olunur.
Lakin təcrübə göstərir ki, cəmiyyətlər artıq Rusiyanın təklif etdiyi vassal siyasəti qəbul etmir və Kremlin təsiri bir çox yerlərdə toksik hesab olunur. Ermənistan cəmiyyətində də Baş nazir Nikol Paşinyana qarşı Moskva dəstəyi ilə təşkilatlanmış güclü və geniş dayaq yoxdur. Paşinyan komandası Kremlin müdaxiləsini öyrənib və preventiv tədbirlər həyata keçirir. Amma seçkilər yaxınlaşdıqca dezinformasiya, informasiya təxribatları, kiberhücumlar və digər hibrid vasitələrin artacağı gözlənilir. Bu səbəbdən Paşinyan hökuməti həm açıq müxalifətlə, həm də onu dəstəkləyən xarici təsirlərlə mübarizədə çətin sınaqlarla üzləşə bilər”.
Ləman İmran
Globalinfo.az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.
 
                        