AZ

Andına sadiq Lider

2003-cü ildə bu andla başlayan möhtəşəm nailiyyətlər davam edir

22 il əvvəl Prezident İlham Əliyev Azərbaycanda yeni bir dövrün təməlini qoydu. Bu, hakimiyyətin sükanını Ulu Öndərdən alan yeni, gənc dövlət başçısının həm uğur missiyası, həm də müstəqil siyasətinin başlanğıcı idi. Və çox çəkməyəcək O, Müzəffər Ali Baş Komandana və qüdrətli liderə çevriləcəkdi! 

2003-cü il oktyabrın 15-də xalqımızın yüksək etimadı ilə cənab İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsi milli dövlətçilik salnaməmizdə əhəmiyyətli dönüş nöqtəsi oldu. Bu seçki təkcə qısa müddətdən sonra bütün dünyada zəmanəsinin ən parlaq lideri kimi tanınacaq yeni siyasi xadimin hakimiyyətə gəlişi deyildi, həm də dövlət idarəçiliyində sabitliyin davamı və siyasi varisliyin təmin olunması baxımından strateji əhəmiyyət kəsb edirdi. XX əsrin sonlarında müstəqilliyini bərpa etmiş Azərbaycan üçün dövlət quruculuğunun sabit mərhələyə keçidi, milli inkişaf modelinin formalaşması və beynəlxalq nüfuzun möhkəmlənməsi baxımından həlledici və əlamətdar bir hadisə idi.

Həmin il oktyabrın 31-də yeni seçilmiş Prezidentin andiçmə mərasimi keçirildi. Cənab İlham Əliyev nitqində Azərbaycan vətəndaşlarının istəyinə uyğun olaraq Ümummilli Lider Heydər Əliyevin həyata keçirdiyi siyasətin davam etdirilməsi, o cümlədən bu siyasətin əsas prioriteti olan ölkəmizin ərazi bütövlüyü, suverenliyi məsələsinin təmin olunması ilə bağlı vədləri ön sırada vurğuladı: "Mən Azərbaycanın xoşbəxt gələcəyinə inanıram. Əminəm ki, ölkəmiz bundan sonra da inkişaf edəcək, daha da güclənəcəkdir. Azərbaycanda demokratiya daha da inkişaf edəcək, siyasi plüralizm, söz azadlığı təmin olunacaqdır. Ölkəmiz müasir dövlətə çevriləcəkdir. Bütün bunları etmək üçün Azərbaycanda çox işlər görmək lazımdır. Ancaq bütün bunları həyata keçirmək və Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün ən başlıcası, ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir. Bu gün yüksək kürsüdən çıxış edərkən mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm, Heydər Əliyevin siyasətini davam etdirəcəyəm".

Hələ 2003-cü ildə Prezident kimi ilk andiçmə mərasimindəki nitqində vurğuladığı bu fikirlərlə hər bir ölkə vətəndaşının Prezidenti olan İlham Əliyev həyata keçirdiyi məqsədyönlü siyasətin uğurları sayəsində Azərbaycanı tarixinin ən qüdrətli dövlətinə çevirdi, şərəfli bir mərhələnin yaradıcısı, zəfər salnaməsinin müəllifi oldu.

Dövrün çağırışları və xalqın gözləntisi

Danılmaz həqiqətdir ki, zaman bir yerdə dayanmır, dünyanın çağırışları, insanların gözləntiləri anbaan dəyişir. Buna uyğun addımlar vaxtında atılmazsa, inkişaf axarından uzaq düşmək olar. Azərbaycan Prezidenti də bu illər ərzində həyata keçirilən köklü islahatlarla, miqyaslı qərarlarla dövlətimizin inkişaf sürətini zamanın ahənginə uyğunlaşdırır. 

Burada ən mühüm olan milli dövlətçilik prinsiplərinə sadiqlikdir. Prezident İlham Əliyev də bu prinsiplərə hər zaman sadiqdir. Onun baxışlarında, ideallarında, atdığı addımlarda əsrlər boyu Azərbaycan xalqının, dövlətinin inkişafına çalışmış, ömrünü bu məqsədə sərf etmiş, imzalar içində millətimizin imzasını görmək istəmiş bütün böyük şəxsiyyətlərimizin arzuları əksini tapmışdır. Dövlətimizin başçısı o böyük simalarımızın ideallarını reallaşdırır, onların bir zamanlar xəyal kimi gördüklərini, can atdıqlarını gerçəkləşdirərək gündəlik həyatımıza gətirir. 

Cənab İlham Əliyev Prezident kimi ilk andiçmə mərasimində xalq qarşısında demişdir: "Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ölkəmiz üçün ən ağır problemdir. Uzun illərdir ki, biz atəşkəs rejimində yaşayırıq. Təəssüflər olsun ki, bu məsələ ilə bilavasitə məşğul olan ATƏT-in Minsk qrupunun fəaliyyəti hələlik heç bir nəticə vermir. Biz hələ də ümidlərimizi itirmirik. Hələ də ümid edirik ki, həmsədrlər bu məsələ ilə daha ciddi şəkildə, məsuliyyətlə məşğul olacaqlar. Bu məsələ öz həllini tapmalıdır. Bu problem yalnız bir neçə prinsiplər, beynəlxalq hüquq normaları əsasında həll oluna bilər: Azərbaycanın torpaqları işğaldan azad olunmalıdır, bir milyon qaçqın və köçkün öz doğma yurdlarına qayıtmalıdır, ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir. Azərbaycan heç vaxt bu vəziyyətlə, torpaqlarının işğal altında qalması ilə barışmayacaqdır. Hamı bilməlidir ki, sülh tərəfdarı olmağımıza baxmayaraq, müharibənin yenidən başlanmamasını və bu məsələnin sülh yolu ilə həllini istəməyimizə baxmayaraq, bizim səbrimiz də tükənməz deyildir. Azərbaycan öz doğma torpaqlarını nəyin bahasına olursa-olsun, azad edəcəkdir". Azərbaycan Prezidenti söz verdiyi kimi, Ermənistan-Azərbaycan probleminin həlli istiqamətində Ümummilli Lider Heydər Əliyevin başladığı siyasi kursu yüksək peşəkarlıq və uğurla davam etdirdi. Sonda hədəfinə çatdı, işğal olunmuş Azərbaycan torpaqlarını azad etdi. Ölkəmiz üçün yeni bir gələcək formalaşdırmağa başladı. Ən mühümü isə "böyük Ermənistan" oyunu darmadağın edildi. 

Azərbaycanın bu qələbəsi yalnız ölkənin bəlli bir hissəsində baş qaldırmış separatçılara qarşı tədbirlərdə əldə edilmiş uğur deyil, bu qələbə qonşu dövlətlə regional münaqişədə qazanılmış zəfər də deyil. Bu, böyük dövlətlərin birbaşa müəllifliyi ilə, onların havadarlığı əsasında 200 ildən bəri davam və inkişaf etdirilən, genişləndirilən layihənin darmadağın olunmasıdır. Dünya güclərinin ermənilərdən istifadə edərək əsrlər öncə regionda azərbaycanlıların canı-qanı bahasına bir-birinə qarşı oynadıqları "böyük Ermənistan" oyununun pozulmasıdır. Azərbaycan Prezidenti İlham Əliyev bu 200 illik layihəni darmadağın etdi. Cənubi Qafqaz regionunun, həmin torpaqlarda yaşayan və yaşayacaq insanların gələcəyini bu qanlı oyunun təhlükələrindən qurtardı. Əsrlər boyu sürən toqquşmalardan, insan faciələrindən, qandan-qadadan, nəhayət ki, qurtuluşa doğru qapı açdı. 

Azərbaycan Prezidentinin yaratdığı yeni reallıqdan yaşadığımız coğrafiyada əbədi sülhə, əməkdaşlığa, dayanıqlı inkişafa doğru aydın yol görünür. Məkrli qüvvələrin 200 illik "böyük Ermənistan" layihəsini aradan qaldıran dövlətimiz bu reallıqdakı əməkdaşlıq inkişaf yolunu da qoruyub saxlamaq, davam etdirmək, eyni səmimi niyyətləri paylaşan hər kəsi Cənubi Qafqazın gələcəyi ilə bağlı vahid amallar ətrafında bir araya gətirmək əzmindədir. 

"Biz təklif edirik ki, Cənubi Qafqaz ölkələrinin gələcəyi sülhə, əmin-amanlığa, inkişafa söykənsin. Biz təklif edirik ki, bölgəmizdən uzaqda yerləşən, ancaq öz siyasi gündəliyini güdən və erməni xalqından bir alət kimi istifadə edən, onları istismar edən və dar gündə onları, necə deyərlər, satan qüvvələr, saxtakarlar, korrupsiyalaşmış siyasətçilər əl çəksinlər bizdən. Dünyanın o başında oturub bizə qarşı əsassız ittihamlar irəli sürənlər əl çəksinlər bizdən, qoysunlar Cənubi Qafqaz rahat nəfəs alsın. Bu bölgə əsrlər boyu davalar, savaşlar, qanlı toqquşmalar məkanı olmuşdur. Yetər artıq!", - deyə dövlətimizin başçısı bildirmişdir. 

Azərbaycan cəmi bir gün çəkən antiterror tədbirləri ilə uzun illərdən bəri Qarabağdakı erməniləri girovda saxlayan, onlardan istifadə edərək maddi sərvətlər qazanan kriminal qruplaşmanın, hərbi xuntanın əsarətindən azad etdi. Bu əməliyyatın nəticələri ilə sülh proseslərini yaxınlaşdırdı. Sülhə doğru yolu müxtəlif təxribatlarla qapamağa çalışan kriminal ünsürlərin də, məkrli məqsədlərlə onlara havadarlıq edən xarici dairələrin də əl-qolunu bağladı. Azərbaycanı bölüb parçalamaq, türk dünyasının birliyini əngəlləmək üçün torpaqlarımızda yerləşdirilmiş terror yuvası birdəfəlik dağıdıldı. 

Eyni zamanda Xankəndidəki separatçı rejimin liderlərinin qandallanaraq Bakıya gətirilməsi, bir zamanlar Azərbaycan dövlətinə barmaq silkələyən bu şəxslərin indiki rəzil vəziyyəti göstərir ki, regionumuzda sülhə, təhlükəsizliyə qarşı əməllər törədənlər, insan faciələrinə, itkilərə bais olanlar, başqalarının əlində alət kimi istifadə edilməyə can-başla razılıq verənlər heç bir halda cəzadan qaçıb qurtula bilməyəcəklər. Azərbaycan dövləti onları harada olurlarsa olsunlar, tapıb layiq olduqları cəzaya çatdırmaq iqtidarındadır.     

Vətən müharibəsindəki tarixi qələbəmizdən sonra dövlətimiz daha da güclənmiş ordumuzun qüdrətini, peşəkarlığını, yüksək döyüş qabiliyyətini, ruhunu sərgilədi. Əməliyyat zamanı yüksək dəqiqliklə, innovativ silahlarla yalnız hərbi obyektlərin sıradan çıxarılması, heç bir mülki şəxsin, dinc insanın əməliyyatlardan zərər çəkməməsi də bu möhtəşəm tarixin hər zaman rəğbətlə xatırlanmalı olan məqamlarıdır. 

Bunu bacarmaq o qədər də asan deyildi. Çünki hərbi ekspert rəylərinə görə, son saatlarda terrorçular geri çəkilərək dinc insanların yaşadığı ərazilərə sığınmaq istəyirdilər. Bu isə mülki şəxslərin də həyatına müəyyən təhlükələr yaradırdı. Amma Azərbaycan rəhbərliyi terrorçu separatçıları vaxtında müəyyənləşdirib lazımi şəkildə tərk-silah etməklə yanaşı, mülki əhalinin də həyatını qorudu. Onların ziyan çəkməməsi üçün bütün vasitələrdən, imkanlardan istifadə etdi.

Azərbaycan Prezidenti 2003-cü ildə də, ondan sonrakı andiçmə mərasimlərində də bəyan etmişdi ki, Ermənistan-Azərbaycan münaqişəsi yalnız və yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Xalqımız heç vaxt öz ərazisində ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcək. Nəyin bahasına olursa-olsun, doğma torpaqlarımız azad ediləcək. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə xalqımız yumruq kimi birləşərək torpaqlarımızın azadlığına, ərazi bütövlüyümüzə, dövlət suverenliyimizə nail oldu. "Əldə edilmiş bütün nailiyyətlərin mənbəyi Azərbaycan xalqıdır, onun mənə göstərdiyi inam və onun vahid amal ətrafında birləşmə bacarığıdır. Biz, doğrudan da, bütün dünyaya sübut etmişik ki, böyük xalqıq, biz öz taleyimizi özümüz həll edirik, ölkə qarşısında duran problemləri özümüz heç kimin köməyi olmadan həll edirik və əsaslı şəkildə həll edirik" - cənab İlham Əliyev ötən ilin fevralında andiçmə mərasimindəki çıxışında belə demişdir.

Azərbaycanın güclənən beynəlxalq mövqeyi

Azərbaycan Prezidenti İlham Əliyev bu illər ərzində müstəqil xarici siyasət kursunu ölkəmizin və xalqımızın milli maraqlarına uyğun şəkildə həyata keçirir. Dəyişən dünyanın geosiyasi reallıqlarına əsasən təşəbbüskar davranışları ilə ölkəsinə daxili siyasətdə olduğu kimi, diplomatiyada da nailiyyətlər qazandırır. Bu siyasətin başlıca məzmunu Azərbaycanın milli dövlətçilik mənafelərinin qorunması, beynəlxalq aləmdə zəngin potensiala malik ölkə kimi nüfuz qazanmasıdır. Artıq müstəqil xarici siyasət milli ideologiyamızın mühüm prioritetidir.

Dövlətimizin son dövrlər qazandığı böyük nailiyyətlərdən biri də dünyanın əksər aparıcı ölkələri ilə münasibətlərin möhkəmləndirilməsi, qlobal səviyyədə mühüm faydalar yaradan strateji layihələrin uğurla həyata keçirilməsidir. Son aylarda Azərbaycan liderinin ən nüfuzlu ölkələrə səfərləri strateji tərəfdaşlığa, müttəfiqliyə, Cənubi Qafqazda sülhə, təhlükəsizliyə, əməkdaşlıq və inkişaf mühitinə hasablanmış uğurlu xarici siyasət kursu böyük rəğbət doğurur.

Bu gün iqtisadi gücünə, qlobal proseslərə təsir imkanlarına görə dünyanın əsas mərkəzlərindən biri olan Çin Xalq Respublikası ilə ölkəmizin əlaqələri getdikcə inkişaf edir. Sentyabr ayında dövlətimizin başçısı Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT plyus) Zirvə toplantısında, həmçinin Çinin xarici hərbi müdaxilə və faşizm üzərində qələbəsinin 80 illiyinə həsr olunmuş yubiley mərasimində iştirak etmişdir. 

Azərbaycan Prezidenti ölkəmizin xarici siyasətində Çin Xalq Respublikası ilə əlaqələrin inkişaf etdirilməsinin prioritet istiqamətlərdən biri olduğunu həmişə xüsusi qeyd edir. Cənab İlham Əliyev "SƏT pluys" förmatında keçirilən tədbirdəki çıxışında bildirmişdir ki, son iki ildə ölkələr arasında əlaqələr keyfiyyətcə yeni səviyyəyə yüksəlib: "Ötən il Astanada keçirilmiş ŞƏT Sammiti çərçivəsində biz strateji tərəfdaşlıq qurduq. Bu il mənim Çinə dövlət səfərim zamanı hərtərəfli strateji tərəfdaşlıq münasibətlərinin təsis edilməsi barədə Birgə Bəyanat imzalandı. Bu tarixi hadisə Azərbaycan-Çin münasibətlərində yeni bir səhifə açdı. Azərbaycan beynəlxalq sülhün, təhlükəsizliyin və inkişafın təşviqi məqsədilə Çin tərəfindən irəli sürülmüş Qlobal İnkişaf Təşəbbüsünü, Qlobal Təhlükəsizlik Təşəbbüsünü və Qlobal Sivilizasiya Təşəbbüsünü fəal şəkildə dəstəkləmişdir. Biz həmçinin Çin Xalq Respublikasının Sədri tərəfindən irəli sürülmüş Qlobal İdarəetmə Təşəbbüsünü dövlətlərin suveren bərabərliyi, BMT Nizamnaməsi və beynəlxalq hüquqa hörmət əsasında beynəlxalq münasibətlərin yaxşılaşdırılmasına yönəlmiş mühüm və vaxtında atılmış bir addım kimi alqışlayırıq".

Azərbaycan bu gün Avropanın bir neçə aparıcı dövləti ilə strateji səviyyəyə yüksələn möhkəm əlaqələrə malikdir. Bu dövlətlərin sırasında Avropa İttifaqının təmsilçiləri də var. "Avropa Siyasi Birliyi" bu kimi çoxtərəfli və ikitərəfli əlaqələrin əsasının qoyulması və inkişaf etdirilməsi yönündə olduqca əlverişli və aktiv siyasi platformadır. Bu baxımdan Azərbaycan lideri mütəmadi olaraq tədbirlərə dəvət edilir və qitəni narahat edən mövzular ətrafında diskussiyalara qatılır. 

Prezident İlham Əliyevin Danimarkanın Baş naziri Mette Frederiksenin və Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın dəvəti ilə "Avropa Siyasi Birliyi"nin 7-ci Zirvə toplantısında iştirak etmək üçün bu ölkəyə işgüzar səfəri və səfər çərçivəsində Kopenhagendə keçirdiyi görüşlər mühüm siyasi hadisələrdən oldu. Onu da qeyd edək ki, Azərbaycan liderinin toplantıda iştirakının əhəmiyyəti də çoxşaxəli idi: həm geosiyasi, həm də diplomatik-strateji aspektlər baxımından. Prezident İlham Əliyevin ayrı-ayrı ölkələrin dövlət və hökumət başçıları ilə keçirdiyi görüşləri rəsmi Bakının qlobal balans siyasətinin nümayişi kimi də nəzərdən keçirmək olar. Belə ki, Azərbaycan balanslaşdırılmış xarici siyasət yürüdərək bir tərəfdən Türk Dövlətləri Təşkilatı və Qoşulmama Hərəkatı ilə fəal əməkdaşlıq edir, bu təsisatların inkişafında, qlobal gücə çevrilməsində fəal rol oynayır, digər tərəfdən Avropa ölkələrini bir araya gətirən platformalarla strateji tərəfdaşlıq xətti yürüdür. Bu baxımdan "Avropa Siyasi Birliyi"nin 7-ci Zirvə toplantısında iştirak müvafiq siyasətin "müstəqil, çoxtərəfli və çevik diplomatiya" prinsiplərinin praktiki təzahürü idi. Azərbaycan göstərir ki, o, nə bir blokun, nə də hansısa güc mərkəzinin tərkib hissəsidir - öz milli maraqları əsasında qlobal tərəfdaşdır.

Ölkəmizin bu siyasi kursunun hörmətlə qarşılanması, onun mövqeyinə, belə platformalarda iştirakına xüsusi önəm verilməsi cənab İlham Əliyevin Avropa məkanındakı yüksək nüfuzunun, müasir dünyamızın ən parlaq liderlərindən biri kimi şəxsiyyətinə göstərilən böyük rəğbətin, eləcə də ölkəmizin müsbət imicinin, ona verilən xüsusi dəyərin və olduqca pozitiv münasibətin göstəricisidir.

 Bundan başqa, Prezident İlham Əliyevin 2025-ci il sentyabrın 25-də Nyu Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyasında iştirakı və BMT tribunasındakı tarixi çıxışı diplomatiyamızın daha bir təntənəsi oldu. Dövlətimizin başçısının bu ilin avqustunda Vaşinqtona səfəri, Ağ Evdə ABŞ Prezidenti Donald Trampla keçirdiyi görüş, BMT Baş Assambleyasındakı iştirakı bir-birini uğurla tamamladı. 

Vaşinqtona iki səfər, dünyanın bu aparıcı ölkəsinin rəhbərliyi ilə sıx, səmimi kommunikasiyalar Azərbaycan-ABŞ münasibətlərində də artıq yeni bir səhifə açılmasının təzahürüdür. Bu baxımdan avqustda Azərbaycan Prezidentinin ABŞ-yə səfəri zamanı əldə edilmiş razılaşmalar çox mühüm əhəmiyyət daşıyır. Münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi, iki ölkə arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Anlaşma Memorandumunun imzalanması yaxın gələcəkdə ölkələrimiz arasındakı münasibətlərin daha da inkişaf edəcəyini göstərir. Prezident İlham Əliyev çıxışında bu məsələyə xüsusi diqqət yetirdi: "Vaşinqton Sammiti, həmçinin, Azərbaycan-ABŞ münasibətlərində yeni mərhələnin başlanmasına işarədir. Azərbaycanla Birləşmiş Ştatlar arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında iki hökumət arasında Anlaşma Memorandumunu Prezident Donald Tramp ilə birgə imzaladıq. Bu, siyasi, iqtisadi, enerji, regional bağlantılar, müdafiə, təhlükəsizlik və digər sahələrdə tərəfdaşlıq üçün yeni üfüqlər açır".

ABŞ Prezidenti Donald Trampın "907-ci düzəliş"in icrasını dayandırması haqqında tarixi qərarı da buna dəlalət edir. 

Sülh proseslərinin fəal iştirakçısı 

Bu gün ölkəmiz beynəlxalq aləmdə etibarlı və vacib aktor kimi qəbul edilir. Dövlətimiz yalnız regional deyil, qlobal məsələlərdə də iştirak edərək tarazlı və praktikyönümlü siyasət ortaya qoyur. Belə bir siyasət Qərb ölkələri ilə də, ərəb dünyası ilə də münasibətlərdə inamın formalaşmasına xidmət göstərir. 

Cənab İlham Əliyevin bu ilin oktyabr ayında Misirin Şarm əl-Şeyx şəhərində ABŞ Prezidenti Donald Tramp və Misir Prezidenti Əbdülfəttah əs-Sisi tərəfindən təşkil edilmiş Yaxın Şərq Sülh Sammitində iştirakı ölkəmizin və dövlətimizin başçısının regional barış və sülh təşəbbüslərində mühüm rolunu nümayiş etdirdi. Yaxın Şərq kimi mürəkkəb coğrafiyada sülh proseslərinin təşəbbüskarlarından biri kimi iştirak etmək Azərbaycan üçün strateji üstünlükdür. Və bu, humanitar problemlərin həllində, münaqişələrin dinc yolla tənzimlənməsində də dövlətimizin rolunu artırmış olacaq. 

Azərbaycan Qafqaz bölgəsindəki sülh proseslərində, enerji və nəqliyyat tranziti kimi strateji məsələlərdə də lider mövqeyini genişləndirir. Sammit zamanı dünya liderlərinin Prezident İlham Əliyevin şəxsiyyətinə olan yüksək rəğbəti, onunla ünsiyyətə olan böyük maraq, ABŞ Prezidenti Donald Tramp da daxil olmaqla siyasi liderlərin dövlət rəhbərimizlə bağlı müsbət fikirləri bunu bir daha sərgiləyirdi. Azərbaycan liderinin ali səviyyəli sammitdə iştirakı bu mövqeyin yalnız regionla məhdudlaşmadığını, eyni zamanda beynəlxalq sülh və təhlükəsizlik məsələlərində təmsilçilik səviyyəsinin yüksəldiyini göstərirdi.

 Prezident İlham Əliyevin Yaxın Şərq Sülh Sammitində iştirakı eyni zamanda Azərbaycanın öz sülh modelini dünyaya təqdimetmə fürsəti daşıyırdı. Müzəffər Ali Baş Komandan İlham Əliyev şanlı ordumuzun və diplomatiyamızın gücü ilə qazandığımız tarixi Zəfərdən sonra son illərdə Cənubi Qafqazda sülhün "Azərbaycan modeli"ni formalaşdırıb. Güc və diplomatiya balansı əsasında torpaqların azad edilməsi, həmin ərazilərdə reinteqrasiya və multikultural siyasət, region dövlətləri arasında iqtisadi inteqrasiya təşəbbüsləri bu modelin ayrı-ayrı elementləridir.

Yaxın Şərq kimi uzunmüddətli münaqişə regionuna hazırda bu modelin təqdim olunması Azərbaycanı praktik sülh qurucusu kimi tanıdır.

Bu illər ərzində sülh və barış istiqamətində atılan addımlar içərisində yaddaqalan və əlamətdarlığı ilə seçilən hadisələrdən biri də ABŞ-də imzalanan sənəd oldu. Avqust ayında Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan liderləri İlham Əliyevlə Nikol Paşinyanın Cənubi Qafqazda ən dərin tarixi olan münaqişənin tam həlli istiqamətində atdıqları addım bir daha göstərdi ki, siyasətdə şəxsiyyət amilinin çəkisi danılmazdır. İmzalanan sənəddən aydın oldu ki, Azərbaycanla Ermənistan arasında onillikləri əhatə edən münaqişəyə son vermək üçün sadəcə iradə yetərli olub.

İllərdir ki, "vasitəçi" adı altında fəaliyyət göstərən beynəlxalq təşkilatlar, onların funksionerləri problemin həlli istiqamətində tələb olunan son addımı atmağa gücü və imkanı olan dövlət və siyasət adamları edə biləcəklərini, etməli olduqlarını yerinə yetirməyiblər və bununla da regiondakı qarşıdurmanın davamlı olaraq qalmasında öz şəxsi mənafe və mənfəətlərini düşünüblər. Qarabağ problemi və Ermənistanın davam edən işğalı bölgədə öz hədəflərinə nail olmaq istəyən böyük güclər üçün sadəcə vasitə olub. Azərbaycanla Ermənistan arasında Vaşinqtonda yekun sülh istiqamətində atılan addım Trampın ən böyük xarici siyasət uğurlarından biridir. Bunu həm də sülh proseslərinin gedişində diplomatiyamızın daha bir uğuru hesab etmək olar. 

MDB Dövlət Başçıları Şurasının oktyabr ayında Düşənbədə keçirilən toplantısı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyanın dövlət başçısı Vladimir Putinlə görüşü isə iki ölkə arasında münasibətlərin nizama salınması, qarşılıqlı etimadın bərpası baxımından mühüm əhəmiyyət daşıyırdı. Görüşün siyasi-ictimai rezonansı göstərdi ki, rəsmi Bakı və Moskva arasında münasibətlər artıq normallaşma məcrasına daxil olub. Azərbaycan və Rusiya prezidentlərinin görüşündən aydın oldu ki, tərəflər məlum hadisələrə emosiyalardan deyil, təmkinli və rasional müstəvidən yanaşmaq xəttinə sadiqdirlər. Hər iki liderin davranışı göstərdi ki, qarşılıqlı hörmət və bərabərhüquqlu tərəfdaşlıq prinsipləri bu münasibətlərin əsasını təşkil edir.

Etiraf edək ki, məlum təyyarə olayından, ardınca Rusiyada soydaşlarımıza qarşı zorakı tərzdə aparılan əməliyyatlardan, nəticədə iki ölkə arasında münasibətlərin xeyli soyuqlaşmasından Azərbaycanı və Rusiyanı qətiyyən istəməyən bəzi dairələr istifadə etməyə çalışırdılar. Onlar iki ölkə arasında gərginliyi mümkün qədər gücləndirməyə, süni qarşıdurma atmosferi formalaşdırmağa cəhd edirdilər. Prezidentlərin görüşü və apardıqları konstruktiv müzakirələrlə bu cəhdlər tam iflasa uğradı. 

Prezident Putinin media qarşısında səsləndirdiyi bəyanatlar isə Azərbaycan-Rusiya münasibətlərinin bu qüvvələrin məqsədlərinə zidd şəkildə, sağlam əsaslarda davam etdiyini sərgilədi, bu istiqamətdə aydın mesaj vermis oldu: rəsmi Moskva münasibətləri təxribatçılar yox, dövlətlərarası dostluq və qarşılıqlı maraqlar səviyyəsində qurur. Bakı və Moskva müdriklik, qarşılıqlı etimad və təmkin nümayiş etdirərək bu sınaqdan uğurla çıxdılar. 

Son bir ildə Azərbaycan liderinin Türkiyəyə, Tacikistana, Qazaxıstana, Türkmənistana, Özbəkistana, Qırğızıstana dövlət səfərləri, Budapeştdə Türk Dövlətləri Təşkilatının dövlət başçılarının Zirvə toplantısında iştirakı və digər ali səviyyəli tədbirlərdə çıxışları, müsahibələri xüsusi qeyd olunmalıdır. Ölkə rəhbərləri arasında səmimi və mehriban münasibətlər, dinamik dialoq mühiti, qloballaşan və qeyri-sabit olan dünyada türk dövlətlərinin bir yerdə olmaları, ən müxtəlif məsələlərə dair vahid platformadan çıxış etmələri olduqca vacibdir və bu birliyin ən mühüm şərtidir.

Cənab İlham Əliyevin Prezident seçilməsi ilə başlayan dövr Azərbaycan tarixində müstəqilliyin daha da möhkəmləndirilməsi, ərazi bütövlüyünün bərpası mərhələsi və Cənubi Qafqazda sülh dövrü kimi əbədiləşdi.

Prezident İlham Əliyev kimi tarixdə böyük izlər qoyan qüdrətli liderlər üçün böyük uğurlar, qələbələr son məqsəd deyil, bu nailiyyətləri böyük coğrafiyalarda sülhə, tərəqqiyə, insanların rifah və xoşbəxtliyinə çevirmək üçün yeni başlanğıclardır. Bu gün Azərbaycan Respublikası Prezidentinin cəmi bir neçə gün aralıqlarla fərqli coğrafiyalarda iştirak etdiyi qlobal tədbirlər, dünya liderləri ilə keçirdiyi görüşlər, irəli sürdüyü təşəbbüslər, apardığı müzakirələr ölkəmizin başçısının bütün dünyada sülhə, təhlükəsizliyə, inkişafa nail olmaq əzmini göstərir. 

Dünya liderlərinin Azərbaycan Prezidentinə olan rəğbət dolu münasibəti, sözünün, mövqeyinin mötəbərliyi, bütün dövlətlərin ölkəmizlə dost münasibətlərinə can atması cənab İlham Əliyevin müəllifi olduğu ən qüdrətli Azərbaycanın haqq etdiyi uğurdur.

İradə ƏLİYEVA,

"Azərbaycan"

Seçilən
27
azerbaijan-news.az

1Mənbələr