Avropa İttifaqı və NATO Rusiyayla mümkün silahlı qarşıdurma ssenarisinə hazır olmaq üçün yeni hərbi-logistik plan üzərində işləyir.
Musavat.com xəbər verir ki, Financial Times-ın məlumatına görə, Avropa Komissiyası və Aİ ölkələri NATO ilə birlikdə orduların Avropa ərazisində daha sürətli hərəkətini təmin edəcək mexanizmlər hazırlayırlar.
Layihə “Həmrəylik Fondu” adlanır və məqsədi üzv ölkələrin ümumi texnika və nəqliyyat resurslarından — yəni tanklar, ağır artilleriya, yük maşınları, vaqonlar və bərələrdən — birgə istifadə etməsini təmin etməkdir.
Mənbənin bildirdiyinə görə, gələn ay Avropa İttifaqı yolların, logistikanın və sənədləşmə sisteminin təkmilləşdirilməsinə dair təkliflər təqdim edəcək. Bu dəyişikliklər orduların sərhədləri daha tez keçməsi və koordinasiyalı hərəkət etməsi üçün nəzərdə tutulur.
Bundan əlavə, Aİ-də özünə məxsus yük maşını və vaqon parkının yaradılması ideyası da müzakirə olunur. Rəsmi Brüssel hesab edir ki, bu təşəbbüs Avropa ordularının çevikliyini artırmaqla yanaşı, NATO-nun kollektiv müdafiə sisteminə də əlavə dayanıqlıq qazandıracaq.
Musavat.com
 
                        