AZ

Ankarada Azərbaycan və Türkiyə dini qurumları arasında əməkdaşlıq məsələləri müzakirə olunub  

Oktyabrın 30–da Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Ankarada Türkiyə Respublikasının Diyanət İşləri İdarəsinin sədri Safi Arpaquş ilə görüş keçirib.

AZƏRTAC xəbər verir ki, görüş zamanı Komitə sədri S.Arpaquşu yeni vəzifəyə təyin olunması münasibətilə təbrik edib və ona fəaliyyətində uğurlar arzulayıb. O, Azərbaycan-Türkiyə arasında mövcud münasibətlərin bütün sahələrdə yüksələn xətlə inkişaf etdiyini vurğulayıb.

Bu kontekstdə iki qardaş ölkənin dini qurumları arasındakı əməkdaşlığa toxunan R.Məmmədov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə Diyanət İşləri İdarəsi arasında qarşılıqlı əlaqələrin daha da dərinləşdirilməsinin vacibliyini həmkarının diqqətinə çatdırıb. Komitə sədri S.Arpaquşu ölkəmizə rəsmi səfərə dəvət edib.

Diyanət İşləri İdarəsinin sədri Safi Arpaquş öz növbəsində səmimi təbrikə görə, təşəkkürünü bildirib.

O, rəhbərlik etdiyi qurumun Azərbaycanla əlaqələrinin daha da gücləndirilməsinə böyük önəm verdiyini qeyd edib. Həmçinin ölkəmizə səfərlə bağlı dəvəti məmnuniyyətlə qəbul edib.

Görüş zamanı qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsi, birgə layihələrin və tədbirlərin təşkili, eləcə də dini maarifləndirmə istiqamətində əməkdaşlığın gücləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Seçilən
45
azerbaijan-news.az

1Mənbələr