TRIPP layihəsi mütləq reallaşdırılacaq. Bu sözləri hələ bir neçə gün öncə Azərbaycan prezidenti İlham Əliyev Qazaxıstan dövlət başçısı Kasım-Jomart Tokayevlə mətbuata bəyanatında deyib.
Dövlət başçısı vurğulayıb: “Bildiyiniz kimi, avqustda keçirilən Vaşinqton sammitinin nailiyyətlərindən biri TRIPP layihəsidir. Prezident Tramp layihəyə öz adını verib və bu, layihənin mütləq reallaşdırılacağından xəbər verir. Bununla da Orta Dəhlizin daha bir marşrutu açılır. Ənənəvi mövcud olanlara daha biri əlavə olunur – Zəngəzurdan ən yüksək müasir standartlarla 15 milyon ton yük dövriyyəsi. Beləliklə, Asiyadan Avropaya və əks istiqamətdə bizim ölkələrimizdən keçən yüklərin həcmi özlüyündə artım potensialına malikdir, amma həm də onların qəbulu və göndərilməsi üçün daha böyük potensial olacaq”. İndi Ermənistanda bütün rəsmi səviyyələrdə Azərbaycanın dedikləri təsdiq olunmaqdadır. Ölkənin baş naziri Nikol Paşinyan 8-ci Paris Sülh Forumunda qeyd edib ki, Cənubi Qafqazda nəqliyyat və kommunikasiya əlaqələrinin inkişafı sayəsində Fars və Oman körfəzlərini Qara dənizlə birləşdirən yeni marşrutlar, eləcə də Xəzər və Aralıq dənizləri arasında yeni bağlantılar yaranacaq. Hökumət başçısı TRIPP layihəsinin həyata keçirilməsinin həm Ermənistan, həm də Azərbaycan üçün əhəmiyyətini vurğulayıb: “Regional qarşılıqlı əlaqə o deməkdir ki, biz - həm Ermənistanı, həm də Azərbaycanı nəzərdə tuturam - bir-birimizin ərazisindən daxili, ikitərəfli və beynəlxalq kommunikasiyalar üçün istifadə etmək imkanı əldə edəcəyik. Bu da ərazimizdən yeni beynəlxalq tranzit marşrutunun açılması deməkdir. Dünyanın hazırda təchizat zənciri böhranı yaşadığını nəzərə alsaq, bu, həqiqətən də beynəlxalq ticarət, eləcə də regionumuz üçün dönüş nöqtəsi ola bilər”. O əlavə edib ki, regional kommunikasiya yollarının açılmasında maraqlı olmayan qüvvələrin mövcudluğunu dərk edirdi: “Lakin əslində bu layihə bütün oyunçular üçün faydalıdır”. Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan isə TRIPP layihəsinin regionda sülhün və sabitliyin möhkəmləndirilməsi üçün mühüm əhəmiyyət kəsb etdiyini bildirib. O, 8 avqustda Vaşinqtonda Ermənistan və Azərbaycan arasında əldə edilən razılaşmaları xatırladıb və regionda sülhün və sabitliyin möhkəmləndirilməsi kontekstində TRIPP layihəsinin əhəmiyyətini vurğulayıb. Ermənistan parlamentinin sədri Alen Simonyan Avronestin Parlament Assambleyasının İrəvanda keçirilən 12-ci plenar iclasında bildirib ki, TRIPP layihəsinin həyata keçirilməsi Ermənistan, Azərbaycan və qonşu dövlətləri birləşdirən boru kəmərləri, elektrik ötürücü xətlər və rabitə kabellərinin inşası üçün şərait yaradır: “Layihə təkcə dəmir yolu əlaqələrinin inkişafını deyil, həm də Ermənistan, Azərbaycan və regionun digər ölkələri arasında avtomobil yolları, boru kəmərləri, elektrik ötürücü xətlər və rabitə kabellərinin inşası perspektivini nəzərdə tutur”.
Ermənistan baş nazirinin aparat rəhbəri Arayik Harutyunyan isə ölkə parlamentində jurnalistlərə açıqlamasında qeyd edib ki, artıq Azərbaycanla bütün məsələlər üzrə intensiv təmaslar aparılır. Onun sözlərinə görə, bu müzakirələr çox müxtəlif məsələlərə aiddir: “Məsələn, delimitasiya və demarkasiya gündəliyi ilə cənab Qriqoryan məşğuldur, Xarici İşlər Nazirliyi öz gündəliyinə uyğun çalışır, Təhlükəsizlik Şurası və Armen Qriqoryan da öz həmkarları ilə işləyirlər. Nəticələr əldə olunanda biz onlar haqqında danışırıq və hesab edirəm ki, Ermənistan-Azərbaycan münasibətlərindəki temp pis deyil. Məsələn, Azərbaycan tərəfindən öz hissəsində Ermənistan yüklərinin daşınmasının blokadasının götürülməsi buna nümunədir”. “Həmin görüşlər zamanı, məsələn, Zəngəzur dəhlizi və ya Qərbi Azərbaycan mövzuları müzakirə olunubmu” sualına Harutyunyan belə cavab verib: “Siz ümumiyyətlə bu mövzulardan yorulmadınızmı? Həm biz, həm də onlar fikrimizi artıq demişik. İmzalanmış sənədlər var, həmin sənədlərdə çox aydın anlayışlar, toponimlər, adlar var. Niyə daim əlavə gərginlik yaradırsınız?”. Beynəlxalq məsələlər üzrə erməni ekspert Qriqor Balasanyan bildirir ki, “Tramp yolu” və ya TRIPP sadəcə Azərbaycanın arzusunun və tələbinin yerinə yetirilməsinin gözəl şəkildə qablaşdırılmış formasıdır, Bakıya Naxçıvanla əlaqə yaratmaq üçün yol vermək məqsədi daşıyır: “Tramp yolu” harada bitir? Axırı haradadır? Gorusda, Mehridə, yoxsa Dağıstanda Azərbaycan-Rusiya sərhədində bitir? Biz yol deyəndə, bu yolun müəyyən bir məntiqi olmalıdır. İndi bu, nəqliyyat dəhlizidir, yoxsa yox? Əgər söhbət cəmi 37 kilometrlik məsafədən gedirsə, bu, Türkiyə-Azərbaycan “daxili həyəti”dir, nəqliyyat dəhlizi deyil. Görəsən, həmin 37 kilometrə bu qədər gurultulu TRIPP adını verməyə dəyərmi?”. Balasanyanın sözlərinə görə, İlham Əliyev bunu hər zaman Ermənistan ərazisindən keçən ekstraterritorial yol kimi təsəvvür edib, yəni yolun üzərində Ermənistanın heç bir nəzarəti olmamalıdır: “O, indiyədək bu barədə əvvəlki bəyanatlarını təkzib etmir və buna görə də onu Zəngəzur dəhlizi adlandırır. Erməni tərəfi danışıqlar zamanı Azərbaycanın bu mövqeyindən imtina etməsinə nail ola bildimi? Bu, sualların sualıdır və mahiyyət etibarilə heç kim buna cavab vermir. Nəhayət, ən çox müzakirə olunan məsələ budur ki, Azərbaycan vətəndaşı erməni sərhədçisinin yanında yoxlanılacaqmı, onun pasportuna Ermənistanın giriş möhürü vurulacaqmı, sonra çıxış möhürü olacaqmı, yoxsa İlham Əliyevin dediyi kimi, azərbaycanlı erməni sərhədçisini görməməlidir? Çünki azərbaycanlı elə zadəgan mənşəyə malikdir ki, erməni sərhədçisi kimdir ki, azərbaycanlı bir neçə dəqiqə onun yanında dayansın və qiymətli vaxtını sərf etsin? Biz bu barədə daim sarkazmla danışırıq, amma bu faciədir, bu, birbaşa suverenliyin itirilməsindən xəbər verir. Yaxşı, suverenliyin itkisi buynuzla, quyruqlamı baş verir? Daha nə baş verməlidir biz anlayıb başa düşək ki, bu, suverenliyə təhlükədir? Bu suallara erməni tərəfi cavab vermir”.
Samirə SƏFƏROVA
 
                        