AZ

“Biznes üçün sosial-əmək ekosistemi: Naxçıvanda yeni modellər” mövzusunda panel müzakirəsi keçirilib - FOTOLAR

Naxçıvanda təşkil olunmuş Gələcəyin Peşələri Sammiti çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti, Nazirliyin tabeliyində Dövlət Məşğulluq Agentliyi və Dövlət Sosial Müdafiə Fondunun birgə təşkilatçılığı ilə “Biznes üçün sosial-əmək ekosistemi: Naxçıvanda yeni modellər” adlı panel müzakirəsi keçirilib.

QHT.az xəbər verir ki, Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Sadiq Əliyev “Aktiv məşğulluq proqramları: region biznesi üçün sürətli kanallar” mövzusunda çıxış edib. O, müasir iqtisadi şəraitdə regionların sosial-iqtisadi inkişafında dayanıqlı məşğulluq siyasətinin də vacib rol oynadığını bildirib. Vurğulayıb ki, əmək bazarının düzgün qurulması, yerli resursların səmərəli istifadəsi, eləcə də sahibkarlarla əməkdaşlığın genişləndirilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən biridir.

S.Əliyev Agentliyin icra etdiyi peşə hazırlığı, özünüməşğulluq, işəgötürənlərlə birbaşa əlaqə platformaları, rəqəmsal dəstək xidmətlərinin region biznesi üçün aktiv məşğulluq tədbirlərini “sürətli kanallara” çevirdiyini, bu baxımdan Naxçıvanın xüsusi potensiala malik olduğunu bildirib.

“Sosial sığorta: biznes üçün risklərin idarə olunması və motivasiya” mövzusunda çıxış edən Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədri Zəka Mirzəyev son illər Azərbaycanda sosial sığorta sahəsində mühüm islahatların həyata keçirildiyini, vətəndaşların sosial müdafiəsinin gücləndirildiyini diqqətə çatdırıb. O, qanunvericiliyə edilmiş dəyişikliklərin qeyri-dövlət sektorunda fəaliyyət göstərən sığortaedənlərin mənafeləri baxımından önəmini, həmçinin “e-sosial” portalı vasitəsilə sığortaolunanların fərdi hesablarına nəzarət imkanlarının yaradıldığını qeyd edib.

Z.Mirzəyev bu il mayın 1-dən xəstəlik vərəqələrinin elektron formada tərtibinə başlandığını, sığorta-pensiya sistemi və sosial təminat sahəsində prioritet hədəfləri, proaktiv elektron xidmətlərin tətbiqinin əhəmiyyətini vurğulayıb.

Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavini Nərmin Mirzəyeva “Əmək münasibətlərinin tənzimlənməsində rəqəmsal həllər” mövzusunda çıxış edib. O, əmək münasibətlərinin tənzimlənməsi sahəsində yenilikləri, yeni qanunvericilik aktları ilə əmək münasibətləri və məşğulluq sahələrində rəqəmsal xidmətlərin genişləndirilməsi işlərini diqqətə çatdırıb.

N.Mirzəyeva əmək münasibətləri üzrə vahid rəqəmsal platforma olan “Əmək və Məşğulluq” altsisteminin önəmini, həmçinin proaktiv nəzarət və elektron audit tədbirlərini qeyd edib. İşəgötürənlərə münasibətdə tətbiq olunan risk modeli, habelə əmək qanunvericiliyi sahəsində hüquq pozuntuların qarşısının öncədən alınması və əməyin mühafizəsinin təmin edilməsi məqsədilə tətbiq olunan elektron həllər və müasir yanaşmalar barədə məlumat verib.

Panel müzakirəsi zamanı ixtisaslı kadr çatışmazlığının aradan qaldırılması, sosial sığorta ödənişləri və fərdi hesabların tənzimlənməsi, işdən çıxan işçilərin son haqq-hesabının ödənilməsi kimi mövzular ətrafında fikir mübadiləsi aparılıb və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Seçilən
26
qht.az

1Mənbələr