Hüquq və İnsan Haqları İnstitutunda “İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyi tərəfindən icra olunan “Qərbi Azərbaycan İrsi” layihəsinin yekun tədbirində Əməkdar jurnalist Mətanət Ağamirli çıxış edərək, vətəndaş cəmiyyəti və medianın qarşılıqlı rolundan, eləcə də layihənin tarixi və ictimai əhəmiyyətindən danışıb.
Mətanət Ağamirli qeyd edib ki, bu gün qeyri-hökumət sektoru mediayla yanaşı, cəmiyyətin inkişafında mühüm mövqeyə sahibdir:
“Uzun illər media nümayəndəsi kimi QHT-lərin fəaliyyətini izləmək, onların uğurlarını görmək sevindiricidir. Sizin həyata keçirdiyiniz layihələrin fundamental mövzulara həsr olunması, peşəkarlıq və təcrübəyə əsaslanması bu sahənin inkişafını sübut edir. “Qərbi Azərbaycan İrsi” layihəsi çərçivəsində təqdim olunan “QərbiAzərbaycanİrsi.az” saytı və “Tarixin izi ilə” sənədli filminin milli yaddaşın qorunması baxımından mühüm addımdır. Ulu Öndər Heydər Əliyev deyirdi: ‘Müstəqilliyi qazanmaq asandır, onu qoruyub saxlamaq isə daha çətindir’. Bu gün hər bir vətəndaşın üzərinə düşən məsuliyyət — tarixi həqiqətləri gələcək nəsillərə düzgün şəkildə çatdırmaqdır.”
Mətanət Ağamirli həmçinin ictimai təşəbbüslərin maliyyələşdirilməsində yalnız dövlətin deyil, həm də iş adamları və fondların iştirakının vacibliyini qeyd edib:
“Beynəlxalq təcrübədə biznes strukturları və fondlar QHT-lərə fəal dəstək göstərir. Azərbaycanda da bu nümunənin genişləndirilməsi və təşviqi vacibdir.”
Sonda jurnalist layihənin təşkilatçılarına təşəkkür edərək, belə təşəbbüslərin milli tariximizin sənədləşdirilməsində və cəmiyyətin maariflənməsində mühüm rol oynadığını bildirib.
Qeyd edək ki, “İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyi tərəfindən icra olunan “Qərbi Azərbaycan İrsi” layihəsi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilib.
 
                        