İnkişaf etmiş böyük dövlətlərə görə dünya yenidən nüvə fəlakətinə doğru sürüklənir
Rusiya “Poseydon” nüvə enerjisi ilə işləyən sualtı pilotsuz aparatını uğurla sınaqdan keçirib. Məlumata görə, onun nüvə enerji qurğusunun göstəriciləri “Sarmat” qitələrarası ballistik raketinin göstəricilərini xeyli üstələyir.
Rusiya prezidenti Vladimir Putin P.V.Mandrıka adına Mərkəzi Hərbi Klinik Xəstəxanasında olarkən məlumat verib: “Biz perspektivli bir sistem – “Poseydon” sualtı pilotsuz aparatını növbəti dəfə sınaqdan keçirdik. Bu dəfə biz onu yalnız start mühərriki vasitəsilə sualtı daşıyıcı qayıqdan işə salmaqla kifayətlənmədik, həm də aparatın müəyyən vaxtdan sonra nüvə enerji qurğusunu aktivləşdirməsini təmin etdik”.
Vladimir Putin vurğulayıb ki, bu pilotsuz aparatın dünyada bənzəri yoxdur və onun qarşısını almaq üçün mövcud vasitə yoxdur. Onun sözlərinə görə, “Poseydon”un nüvə reaktoru minimal ölçülərə malik olsa da, onun gücü ən müasir qitələrarası ballistik raketlərin gücünü xeyli üstələyir. Bununla yanaşı, Rusiyanın nüvə enerjisi ilə işləyən “Burevestnik” gəmi raketi dünyada narahatlıq doğurub.Rusiya tərəfindən hazırlanan bu raketin nüvə mühərriki ilə işlədiyi bildirilir. İddia edilir ki, bu qabiliyyət ona uzun müddət havada qalmağa və aşağı hündürlükdə uçaraq radar və raket sistemlərindən yayınmağa imkan verir. Rəsmi mənbələrə görə, onun mənzili təxminən 14 min kilometr və ya daha çox ola bilər. Raketin nüvə mühərrik sisteminin qəza və ya radiasiya sızması riski yaratdığı iddia edilir. Bu fonda ABŞ prezidenti Donald Tramp özünün “Truth” sosial şəbəkəsində yazıb ki, ABŞ-ın digər ölkələrdən daha çox nüvə silahı var. O bildirib ki, bu vəziyyət onun ilk prezidentliyi dövründə mövcud nüvə silahlarının tam yenilənməsi və modernləşdirilməsi nəticəsində əldə edilib: “Nəhəng dağıdıcı gücə malik olduğuna görə bunu etmək istəməzdim, amma başqa seçimim yox idi. Rusiya bizdən sonra ikinci, Çin isə üçüncü yerdədir. Bu, hələ 5 il ərzində belə olacaq. Digər ölkələr sınaq proqramları həyata keçirdiyi üçün mən Müdafiə Departamentinə nüvə silahlarımızı bərabər əsaslarla sınaqdan keçirməyə başlamağı tapşırdım. Bu proses dərhal başlayacaq”. Bunlara paralel olaraq, Fransa nüvə başlıqlı yeni raketləri istifadəyə verib. Söhbət nüvə sualtı qayıqları üçün nəzərdə tutulmuş yeni nəsil qitələrarası ballistik raketlərdən gedir. Fransa Müdafiə Nazirliyi bildirib: “M51 raketinin üçüncü modifikasiyasının istismara verilməsi Fransanın nüvə qüvvələrinin modernləşdirilməsində mühüm addımdır". Almaniyanın “Bild” qəzeti yazır ki, bu raketlər müasir nüvə başlıqları ilə təchiz olunub. İddialara görə, M51 raketləri uçuş məsafəsi və dəqiqliyi baxımından əvvəlki versiyaları əhəmiyyətli dərəcədə üstələyir. Fransanın hər biri ballistik raket daşıyan dörd nüvə sualtı qayığı var. Fransaya hücum zamanı nüvə cavab zərbəsi endirmək üçün bir sualtı qayıq daimi olaraq gizli saxlanılır. “The Daily Telegraph” qəzeti isə yazır ki, Böyük Britaniya hərbi rəhbərliyi Almaniya ilə nüvə silahından birgə istifadənin tərəfdarı olduğunu bildirib: “Yüksək rütbəli hərbi məmurlar, o cümlədən keçmiş müdafiə qərargah rəisi və NATO-nun baş katibi Britaniyanı Berlinlə yeni müdafiə paktı ilə bağlı danışıqlara başlamağa çağırıblar”. Nəşr onu da qeyd edir ki, bu cür təkliflər ABŞ-nin II dünya müharibəsinin bitməsindən sonra olduğu kimi, nə vaxtsa Avropa təhlükəsizliyinin qarantı rolunu dayandıracağı ilə bağlı artan narahatlıqlar fonunda ortaya çıxıb. “The Daily Telegraph”ın qeyd etdiyi kimi, Böyük Britaniya və Almaniya arasında bu məsələ ilə bağlı rəsmi danışıqlar hələ başlamayıb. Böyük Britaniyanın nüvə silahları hazırda Amerikanın “Trident II” ballistik raketlərini daşıyan dörd Vanguard sinifli sualtı qayıqda yerləşdirilib. London bu donanmaya taktiki nüvə silahları ilə silahlanmış F35A qırıcılarını əlavə etmək niyyətindədir.
Beləliklə, bütün bunlar dünyada indi bir nüvə yarışmasınn getdiyni nümayiş etdirir. Real hərbi əməliyyatlarda bu silahdan yalnız bir dəfə - 1945-ci il avqustun 6-sı və 9-da Yaponiyanın Xirosima və Naqasaki şəhərlərində istifadə olunub. ABŞ təyyarələrinin Yaponiyanı sülhə təhrik etməsi üçün bu dəhşətli silahı tətbiq etməsi nəticəsində 300 min insan həlak olmuşdu. Həmin andan etibarən dünyada nüvə silahları sahəsində rəqabət, yəni “nüvə yarışması” başladı. Bu yarışma təkcə hərbi gücün deyil, həm də siyasi nüfuzun göstəricisinə çevrildi və bu gün də beynəlxalq münasibətlərin təhlükəli amillərindən biri olaraq qalmaqdadır. Nüvə yarışmasının əsas mərhələsi ABŞ və SSRİ arasında soyuq müharibə dövründə formalaşdı. 1950–1980-ci illər ərzində hər iki superdövlət minlərlə nüvə başlığı istehsal etdi və qarşı tərəfi qorxu altında saxlamaq üçün “qarşılıqlı məhv doktrinasına əsaslandı. Bu doktrina mahiyyətcə belə idi: bir tərəf hücum etsə, digər tərəf də cavab zərbəsi ilə bütün dünyanı məhv edə bilər. Bu dövrün ən təhlükəli məqamlarından biri 1962-ci il Karib böhranı idi. ABŞ və SSRİ arasında Kubaya yerləşdirilən raketlər üzərindən baş verən qarşıdurma dünyanı nüvə müharibəsinin astanasına gətirmişdi. Məhz bu böhran nüvə silahlarının təhlükəsini qlobal miqyasda dərk etməyə səbəb oldu və 1968-ci ildə Nüvə Silahlarının Yayılmaması Müqaviləsi imzalandı. SSRİ-nin dağılmasından sonra bir müddət beynəlxalq aləmdə nüvə təhlükəsi azaldı. ABŞ və Rusiya arasında “START” və “New START” kimi sazişlər nüvə başlıqlarının sayının məhdudlaşdırılmasına yönəldi. Lakin XXI əsrin başlanğıcı ilə bu istiqamətdə vəziyyət yenidən dəyişməyə başladı. Bugün nüvə silahına malik ölkələrin siyahısında ABŞ, Rusiya, Çin, Fransa, Böyük Britaniya, Hindistan, Pakistan, Şimali Koreya və İsrail yer alır. Bu ölkələrdən bəziləri rəsmi olaraq nüvə gücü kimi tanınsa da, digərləri bu statusu rəsmən etiraf etmir. Ən çox arsenal isə Rusiya və ABŞ-ın əlindədir, hər iki dövlətin minlərlə strateji və taktiki başlıqları mövcuddur.Son illərdə Çinin nüvə potensialını sürətlə artırması beynəlxalq səviyyədə ciddi narahatlıq doğurur. ABŞ Müdafiə Nazirliyinin hesabatlarına görə, Pekin 2035-ci ilə qədər nüvə başlıqlarının sayını 1000-ə çatdırmağı planlaşdırır. Eyni zamanda, Hindistan və Pakistan arasında da nüvə rəqabəti davam edir. Hər iki dövlətin Kəşmir bölgəsinə görə münaqişəsi zaman-zaman nüvə müharibəsi riski yaradır. Şimali Koreyanın nüvə sınaqları isə ABŞ və Cənubi Koreya ilə qarşıdurmanı gücləndirir. Bu, Asiya-Sakit Okean regionunu yeni “soyuq müharibə” meydanına çevirir. 2022-ci ildən sonra Ukrayna müharibəsi fonunda Rusiya ilə Qərb arasında nüvə ritorikası yenidən gücləndi. Moskva bir neçə dəfə nüvə silahından istifadə ehtimalını siyasi təzyiq aləti kimi gündəmə gətirdi. NATO isə bu cür bəyanatlara qarşı müdafiə sistemlərini gücləndirməyə başladı. Rusiya Belarus ərazisinə taktiki nüvə silahları yerləşdirərək Qərbə açıq mesaj verdi: Moskva istənilən ssenariyə hazırdır. ABŞ və müttəfiqləri isə buna cavab olaraq Şərqi Avropada raketdən müdafiə sistemlərini genişləndirdilər. Bu proses yenidən “nüvə balansı” anlayışını gündəmə gətirdi. Bugünkü nüvə yarışması təkcə silahların sayında deyil, onların texnoloji səviyyəsində də özünü göstərir. “Hipersəsli raketlər”, “mini nüvə başlıqları” və “süni intellektlə idarə olunan silah sistemləri” yeni təhlükə mərhələsi yaradır. Dünyada nüvə silahları yarışması hələ də bəşəriyyətin ən ciddi təhlükələrindən biridir. Bu yarış güc balansı yaratmaq məqsədi daşısa da, hər an fəlakətə səbəb ola bilər.
Nahid SALAYEV
 
                        