AZ

“Fənərbağça”nın heyətdən kənarlaşdırdığı Cenk Tosun “Neftçi”yə transfer olmaq istəyir

Türkiyənin “Fənərbağça” klubunda baş məşqçi Domeniko Tedeskonun qərarı ilə heyətdən kənarlaşdırılan təcrübəli hücumçu Cenk Tosun karyerasını Azərbaycanda davam etdirmək istəyir.

90deqiqe.Az-ın məlumatına görə, 34 yaşlı futbolçunun yeni komandası ölkənin aparıcı klublarından biri olan “Neftçi” ola bilər.

Cenk Tosunun “Neftçi”yə keçmək istəyində tanış bir adın rolu böyükdür. Belə ki, təcrübəli hücumçu “Beşiktaş”dakı sabiq komanda yoldaşı Vinsent Abubakarın Bakı təmsilçisinə transferindən sonra Azərbaycan Premyer Liqasında oynamaq fikrinə müsbət yanaşdığını bildirib.

Kamerunlu forvardla yaxın münasibətləri olan türk futbolçu, onunla yenidən eyni komandada çıxış etmək istədiyini açıq şəkildə ifadə edib. Bu amil, transferin reallaşma ehtimalını artıran əsas motivasiya kimi qiymətləndirilir.

Almaniya futbol məktəbində yetişmiş Cenk Tosun karyerası ərzində “Ayntraxt Frankfurt”, “Qaziantepspor”, “Beşiktaş”, həmçinin İngiltərədə “Everton” və “Kristal Pelas” kimi klubların formasını geyinib.

Türkiyə millisində 53 oyuna çıxan və 21 qol vuran 34 yaşlı hücumçunun bu transferlə karyerasında yeni mərhələyə qədəm qoyması gözlənilir. Cenk Tosunun “Fənərbağça” ilə müqaviləsi cari mövsümün sonunda başa çatır. Bu mövsüm o, heyətdən kənarlaşdırılana qədər 7 rəsmi oyunda cəmi 72 dəqiqə meydanda olub və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Seçilən
30
90deqiqe.az

1Mənbələr